Kralın Vaşinqton səfəri ABŞ-Britaniya münasibətlərini yaxşılaşdıra bilərmi?
Bu gün Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla Vaşinqtona dövlət səfəri edəcəklər. Kral ailəsi aprelin 30-dək ABŞ-da səfərdə olacaq və bu, 2007-ci ildən bəri Britaniya monarxının ABŞ-a ilk dövlət səfəridir. Belə ki, həmin dövrdə kraliça II Yelizaveta ABŞ-a səfər etmiş və onu prezident Corc Buş (kiçik) qəbul etmişdi.
"Stabil.az"ın məlumatına görə, cari səfər ABŞ-ın Böyük Britaniyadan müstəqilliyini elan etməsinin 250 illiyinə həsr olunub. Ağ Evin saytında bildirildiyinə görə, bu münasibətlə tədbirləri birinci xanım Melaniya Tramp təşkil edib. Sözügedən tədbirlərin məqsədi iki ölkə arasında “uzunmüddətli və xüsusi münasibətləri” qeyd etməkdir.
Qeyd edək ki, Britaniya monarxının ABŞ-a səfəri iki ölkə arasında münasibətlərin soyuması fonunda baş tutur. Tərəflər arasında münasibətlərin soyumasının katalizatoru isə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı olub. Tramp Avropa müttəfiqlərinin, xüsusilə də Böyük Britaniyanın bu əməliyyata kifayət qədər dəstək verməməsindən narazıdır. Belə ki, London ABŞ hərbçilərinə regiondakı bazalarına çıxış versə də, birbaşa hərbi əməliyyatlarda iştirakdan imtina edib.
Bu əməliyyat kontekstində ABŞ-Britaniya münasibətlərində daha bir problem - Mavrikinin yaxınlığındakı Çaqos arxipelaqında yerləşən eyniadlı adadakı Dieqo-Qarsiya birgə hərbi bazasının taleyi gündəmə gəlib. Bu ərazi Böyük Britaniyaya məxsusdur. 2025-ci ilin mayında Britaniya və Mavriki arasında imzalanmış sazişə əsasən, London Çaqosu Mavrikin suverenliyinə verir. ABŞ əvvəlcə bu sazişi alqışlasa da, sonradan onu getdikcə daha çox tənqid etməyə başlayıb. Nəticədə Britaniya sazişin icrasını dayandırıb.

Martın əvvəlində ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə bağlı “o qədər də məmnun olmadığını” bildirib. “Nədənsə o (Britaniyanın Baş naziri Kir Starmer – red.) ada ilə bağlı icarə müqaviləsi bağladı, kimsə gəlib onu əlindən aldı. Bizə orada harada enə biləcəyimizi anlamaq üçün üç-dörd gün lazım oldu. Çox təəccüblənmişik. Biz Uinston Çörçilllə işləmirik”, — deyə Tramp martın 3-də Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşdə bildirib.
“Starmer Çörçill deyil” ifadəsini Tramp martın 17-də də təkrarlayıb. O zaman ABŞ lideri Ağ Evdə İrlandiyanın Baş naziri Mixel Martinlə görüş keçirirdi: “Mən məyus oldum, çünki Kir yalnız biz qalib gəldikdən sonra iki aviadaşıyıcı göndərməyə hazır idi. Mən isə imtina etdim, çünki belə şeylər bizə müharibədən əvvəl lazımdır, qələbədən sonra yox”.
Starmer isə öz növbəsində Trampın sözlərini ona təzyiq göstərmək cəhdi kimi qiymətləndirib, lakin bu təzyiqə boyun əyməyəcəyini bildirib. O bu fikri aprelin 15-də də təkrar edib: “Mən mövqeyimi dəyişməyəcəyəm, geri çəkilməyəcəyəm. Bu müharibəyə qoşulmaq bizim milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”, - deyə o, parlamentdə sualları cavablandırarkən bildirib.
III Karlın səfərindən bir neçə gün əvvəl Tramp Londona qarşı daha bir irad səsləndirib. O bildirib ki, ABŞ texnologiya şirkətləri üçün tətbiq edilən rəqəmsal xidmət vergisi ləğv edilməsə, Britaniyaya qarşı “böyük tariflər” tətbiq edə bilər:
“Biz bu məsələni araşdırırıq və bunu çox asanlıqla həyata keçirə bilərik, sadəcə Böyük Britaniyaya böyük tarif tətbiq etməklə, ona görə də onlar ehtiyatlı olmalıdırlar”, - deyə Tramp aprelin 23-də Ağ Evdə jurnalistlərə bildirib.
Qeyd edək ki, London bu vergini 2020-ci ildə tətbiq edib.

Bəs bu səfər ABŞ-Britaniya münasibətlərini yaxşılaşdıra bilərmi?
Tramp dəfələrlə kral ailəsinə və Britaniya mədəniyyətinə sevgisini ifadə edib. 2022-ci ilin sentyabrında o, II Yelizavetanın vəfatı ilə bağlı başsağlığı verərək bildirib ki, o və Melaniya “kraliça ilə keçirdikləri vaxtı həmişə dəyərləndirəcəklər və onun səxavətli dostluğunu, böyük müdrikliyini və gözəl yumor hissini heç vaxt unutmayacaqlar. O necə də möhtəşəm və gözəl qadın idi, onun kimisi yox idi!” - deyə Tramp “Truth Social” hesabında yazmışdı.
2025-ci ilin iyulunda Şotlandiyada Starmerlə görüşdə ABŞ prezidenti özünü III Karlın pərəstişkarı adlandırıb: “Mən onu xeyli vaxtdır tanıyıram. Əla oğlandır, əla insandır”, — deyə Tramp bildirib. O bu zaman Britaniya baş nazirinə də kompliment deyib. Belə ki, 2025-ci ilin fevralında Ağ Evdəki görüşdə Tramp Starmerin “gözəl aksentinə” heyran olduğunu bildirib: “Məndə belə aksent olsaydı, 20 il əvvəl prezident olardım”, — deyə o zarafat edib. Bütün bunlar kral səfərinin London və Vaşinqton münasibətlərini müəyyən qədər düzəldə biləcəyi ehtimalını yaradır.
Ekspertlərin fikrincə, iki lider arasında gərginlik İrana qarşı əməliyyatdan əvvəl də mövcud idi. Bildilib ki, Tramp daha əvvəl London və Vaşinqton arasında ticarət sazişini irəli sürməyə çalışırdı, bu saziş faktiki olaraq Britaniya bazarının ucuz Amerika mallarına açılmasını və onsuz da çətin vəziyyətdə olan Britaniya fermer təsərrüfatlarının sıradan çıxmasını nəzərdə tuturdu. Starmer isə bununla razılaşmayıb və saziş əvvəlcə donduruldu, sonra isə Tramp onu faktiki olaraq ləğv etdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




