Koştanın Azərbaycana səfəri: əməkdaşlıq və strateji tərəfdaşlıq üçün yeni mərhələ
12 Mart 2026 09:37   13 Mar 2026 12:47 Paylaş

Martın 11-i Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış etdilər.

“Stabil.az”ın məlumatına görə, avropalı yüksəkvəzifəli rəsminin paytaxt Bakıya səfəri regionda geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Bu səfər təkcə diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi mühüm məsələlər baxımından diqqət mərkəzindədir. Azərbaycan ilə Avropa İttifaqı arasında son illərdə inkişaf edən tərəfdaşlıq münasibətləri bu səfər çərçivəsində yeni mərhələyə qədəm qoya bilər.

Sirr deyil ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləş strateji mövqeyi, enerji resursları və nəqliyyat dəhlizləri ilə beynəlxalq siyasətdə mühüm rol oyənnayan ölkələrdən biridir. Avropa İttifaqı isə regionda sabitlik və iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu dəfələrlə müxtəlif bəyanatlarında vurğulayıb. Bu baxımdan Antonio Koştanın Bakıya səfəri tərəflər arasında dialoqun daha da dərinləşdirilməsi üçün əlverişli imkan kimi qiymətləndirilir.

News about -   Koştanın Azərbaycana səfəri: əməkdaşlıq və strateji tərəfdaşlıq üçün yeni mərhələ

Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsi qlobal siyasi gündəmin ən aktual mövzularından birinə çevrilib. Bu kontekstdə Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi ön plana çıxır. Xəzər dənizi hövzəsində yerləşən zəngin qaz ehtiyatları və inkişaf etmiş enerji infrastrukturu Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasında mühüm rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və bu, Avropa ölkələrinin enerji təchizatının təhlükəsizliyinə töhfə verir.

Avropalı rəsmi də mətbuata bəyanatı zamanı tərəflər arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətinə toxunub və bildirib:

“Bu gün İranda baş verən müharibə dünya enerji bazarlarını silkələyir və bu baxımdan bizim enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini və gündəliyini dəstəkləmək üçün sərmayə cəlb etməyə hazırdır. Bu işdə bizim qitədən olan bərpaolunan enerji ilə şirkətləri də fəal rol oynaya bilər”.

Səfər çərçivəsində müzakirə olunan digər mühüm istiqamətlərdən biri nəqliyyat və logistika layihələridir. Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiyanı birləşdirən alternativ və sürətli ticarət marşrutu kimi əhəmiyyət qazanır. Bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanır.

“Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir. Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq. Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq”, - deyə Koşta bildirib.

Avropa İttifaqı bu dəhlizin inkişafına böyük maraq göstərir, çünki o, qlobal ticarət axınlarının diversifikasiyası üçün vacib hesab olunur. Azərbaycan isə infrastrukturun modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi ilə bu marşrutun əsas iştirakçılarından biri kimi çıxış edir.

News about -   Koştanın Azərbaycana səfəri: əməkdaşlıq və strateji tərəfdaşlıq üçün yeni mərhələ

Tərəflər arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar da Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın gələcək inkişafı baxımından əhəmiyyətli hesab olunur. Bu saziş Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqu, iqtisadi əlaqələri və sektorlararası əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

Ümumilikdə, Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün qarşılıqlı fayda gətirə bilər.

Bu səfər bir daha göstərir ki, Azərbaycan Avropa üçün mühüm tərəfdaş olaraq qalır və regionda sabitlik, enerji təhlükəsizliyi və iqtisadi inkişaf baxımından strateji rol oynayır. Gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da dərinləşəcəyi və yeni layihələrin həyata keçiriləcəyi gözlənilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol