Kir Starmer Baş nazir postu ilə vidalaşıb
20 İyul 2026 16:29   Paylaş

Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini bildirərək hökumət başçısı vəzifəsini tərk etdiyini və missiyasının başa çatdığını bəyan edib.

"Stabil.az" "Sky News"a istinadən xəbər verir ki, o, bu barədə vəzifədən getməzdən əvvəl etdiyi yekun çıxışında bildirib.

"Mənim missiyam tamamlandı", - Starmer deyib.

O qeyd edib ki, Leyboristlər Partiyasına altı il yarım rəhbərlik etdiyi müddətdə partiyanı 2019-cu il seçkilərindəki "tarixi məğlubiyyət"dən çıxarmağa, onu yenidən hakimiyyətə qayıdışa hazırlamağa və 2024-cü il ümumi seçkilərində inamlı qələbəyə aparmağa nail olub.

Starmerin sözlərinə görə, onun baş nazir vəzifəsində olduğu müddətdə hökumət uşaq yoxsulluğu səviyyəsinin və immiqrasiyanın azaldılmasına, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Böyük Britaniyanın beynəlxalq nüfuzunun artırılmasına nail olub.

O həmçinin Böyük Britaniyanın Ukraynaya dəyişməz dəstəyini qeyd etməklə yanaşı, "düşmənlərin bizi bölmək üçün heç nədən çəkinməyəcəyi bir dünyada" ölkənin birliyini qoruyub saxlamağın ən vacib vəzifələrdən biri olaraq qaldığını vurğulayıb.

Çıxışının sonunda Starmer öz xələfi Endi Bernhemə uğurlar arzulayıb.

"Mən ləyaqətlə, təbəssümlə və əldə etdiyimiz hər şeyə görə qürur duyaraq ayrılıram. Çox sağ olun", - o deyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol