Kanadada onlayn təhlükəsizliklə bağlı yeni qanun layihəsi hazırlanıb
12 İyun 2026 19:51   Paylaş

Kanada hökuməti bütün vətəndaşlar, xüsusən də uşaqlar üçün daha təhlükəsiz onlayn mühit yaratmaq məqsədilə sosial şəbəkələrdə təhlükəsizliyə dair Bill C-34 qanun layihəsini təqdim edib.

"Stabil.az" Kanada hökumətinə istinadən xəbər verir ki, sənəd onlayn xidmətləri zərərli məzmunla mübarizəyə görə məsuliyyət daşımağa məcbur edəcək.

Qanun layihəsi Kanadada fəaliyyət göstərən onlayn platformaların tənzimlənməsi və hesabatlılığı üzrə sistemin yaradılmasını nəzərdə tutur. Onyalın xidmətlər istifadəçilərə zərər vurma risklərini qiymətləndirməyə, onların azaldılması üçün tədbirlər görməyə və yaranan təhdidlərə reaksiya verməyə məcbur olacaqlar.

Bundan əlavə, platformalar cəmiyyət və tənzimləyici orqan qarşısında, o cümlədən istifadəçilərin, xüsusən də uşaqların və zərərçəkmiş şəxslərin qorunması məsələlərində öz fəaliyyətlərinin şəffaflığını təmin etməli olacaqlar.

Sənəd, həmçinin sosial şəbəkələri və süni intellekt əsasında işləyən çat-bot xidmətlərini yetkinlik yaşına çatmayan istifadəçiləri qorumaq üçün yaş mexanizmlərini tətbiq etməyə məcbur edəcək.

"Buraya xidmətlərin daha təhlükəsiz dizaynının tətbiqi, uşaqlar üçün risklərin azaldılması, zərərli məzmunun məhdudlaşdırılması üzrə öhdəliklər daxil olacaq", - məlumatda bildirilib.

Qanun layihəsi sosial şəbəkələr üçün 16 yaşından kiçik uşaqlar tərəfindən hesabların yaradılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Qanun uşaqlara qarşı cinsi zorakılıq, özünə xəsarət yetirməyə təhrik, uşaqların təqibi, zorakılıq, nifrətin qızışdırılması, terrorizm və zorakı ekstremizm ilə bağlı materiallar daxil olmaqla, zərərli məzmunun yeddi kateqoriyasına şamil ediləcək.

Platformaların öhdəlikləri üç istiqamət üzrə qruplaşdırılacaq: məsuliyyətli davranış, uşaqların qorunması və müəyyən növ məzmunun əlçatmazlığının təmin edilməsi.

Sosial şəbəkələr, striminq xidmətləri və böyüklər üçün məzmun yerləşdirən platformalar riskləri müəyyən etməli və minimuma endirməli, təhlükəsiz dizayn funksiyalarını tətbiq etməli, süni intellektdən istifadə etməklə yaradılmış məzmunu qeyd etməli, rəqəmsal təhlükəsizlik ilə bağlı planları dərc etməli, istifadəçilərə bloklama və şikayət alətləri təqdim etməli, həmçinin müstəqil tənzimləyicinin nəzarətinə tabe olmalıdırlar.

Yeni tələblərin icrasına nəzarət etmək üçün qanun layihəsi Kanada Rəqəmsal Təhlükəsizlik Komissiyasının yaradılmasını nəzərdə tutur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol