İranın yeni Ali Lideri kimdir?
9 Mart 2026 11:00   Paylaş

Məlum olduğu kimi, İranın ölkəyə aviazərbələr zamanı öldürülən Ali Lideri Seyid Əli Xameneinin ikinci oğlu Seyid Müctəba Xamenei İslam Respublikasının yeni ali rəhbəri seçilib.

“Stabil.az”ın məlumatına görə, İranın Ekspertlər Şurası Ali Lideri hələ martın 8-i səhər seçsə də, Əli Xameneinin varisinin kim olduğunun ictimaiyyətə daha sonra açıqlanacağı qeyd olunmuşdu.

İranın siyasi-dini dairələrində böyük nüfuza malik olan Müctəba Xamenei İranın sayca üçüncü ali rəhbəri olub və o, ömürlük müddətə seçilib. İran Konstitusiyasına görə, ölkənin ali rəhbəri vəzifəsinə namizəd həm siyasətçi, həm də din xadimi ola bilər. Lakin o, bir sıra tələblərə cavab verməlidir: dindar olmalı, idarəetmə qabiliyyətinə və yaxşı nüfuza sahib olmalı, ölkənin rəsmi dininə etiqad etməli və İslam Respublikasının prinsiplərinə inanmalıdır. Müctəba Xamenei uzun müddət ali rəhbərin administrasiyasında əsas vəzifələrdə çalışıb və İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əməkdaşlıq edib.

İranın yeni ali rəhbəri vəzifəsinə bir neçə namizədin adı hallanırdı. Onlar arasında Xameneinin yaxın adamı olan Əlirza Ərafi də var idi. O, Ekspertlər Şurasının sədr müavinidir. Həmçinin İranın dini təhsil müəssisələri sisteminə rəhbərlik edir və seçkilərdə namizədləri və parlamentin qəbul etdiyi qanunları yoxlayan Konstitusiyanı Qoruyanlar Şurasının üzvü olub.

News about -   İranın yeni Ali Lideri kimdir?

Ali rəhbər vəzifəsinə digər namizədlərdən biri də ruhanı və Ekspertlər Şurasının üzvü Məhəmməd Mehdi Mirbaqeri idi. O, ruhanilərin ən mühafizəkar qanadını təmsil edir. Digər namizəd isə Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni idi.

Bundan başqa, yeni rəhbər ola biləcək şəxslərdən biri də Haşem Buşehri idi. O, hakimiyyətin varisliyi ilə bağlı institutlarla, xüsusilə Ekspertlər Şurası ilə sıx əlaqələri olan yüksək vəzifəli ruhanidir. O, həmin şurada birinci sədr müavini vəzifəsini tutur.

Bu məqamda bir çoxlarını İranın yeni Ali Lideri seçilən 56 yaşlı Müctəba Xameinin kimliyi maraqlandırır.

56 yaşlı Müctəba Xamenei uzun müddət diqqət mərkəzindən kənarda qalmağa üstünlük verib və heç vaxt rəsmi dövlət vəzifəsi tutmayıb. Buna baxmayaraq, onun İranın mürəkkəb hakimiyyət sistemində, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) böyük təsirə malik olduğu bilinir.

Dövlət rəsmiləri Müctəbanın siyasətdə artan təsirini ilk dəfə 1990-cı illərin ortalarında hiss etməyə başlayıblar. Həmin dövrdə o, İran-İraq müharibəsindən (1980-1988) qayıdan SEPAH döyüşçüləri və komandirlərinin əhatəsində görülürdü.

Bununla belə,Müctəba Xamenei əsas olaraq 2005-ci il prezident seçkiləri zamanı diqqət mərkəzinə düşdü. Ekspertlərin fikrincə, o seçkilərin təşkilində mühüm rol oynayıb. İddialara görə, İranın yeni Ali Lideri o dövrdə SEPAH-dan çıxmış və nisbətən az tanınan siyasətçi Mahmud Əhmədinejadın seçkilərdə qalib gəlməsinə kömək edib.

2005-ci il seçkiləri keçmiş prezident Əkbər Haşimi Rəfsəncanini siyasi baxımdan zəiflətmişdi. Lakin həmin seçkilərin digər namizədi Mehdi Kərrubi açıq məktub yazaraq Müctəbanı seçkilərə müdaxilə etməkdə və Əhmədinejadın hakimiyyətə gəlməsini asanlaşdırmaqda ittiham etmişdi.

Dörd il sonra Müctəba yenidən eyni ittihamlarla üzləşdi. Bu dəfə Əhmədinejadın yenidən prezident seçilməsi İranın müxtəlif şəhərlərində kütləvi etirazlara səbəb oldu. Müctəbanın atasının yerinə ali rəhbər olmasına qarşı çıxan bəzi etirazçılar hətta nümayişlər zamanı “Müctəbaya ölüm!” şüarları səsləndirirdilər.

Həmin gərgin aylarda Müctəbanın “yaşıl hərəkat” adlanan etirazların yatırılmasında rolunun artması barədə çoxsaylı məlumatlar yayılmışdı.

Bundan başqa, Müctəba Xamenei barəsində mümkün maliyyə korrupsiyası ilə bağlı da iddialar səsləndirilib. Hökumətə yaxın mənbələrin sözlərinə görə, İran iqtisadiyyatının ən azı 60%-i Əli Xameneinin nəzarətində olan holdinq şirkətləri və fondlar vasitəsilə idarə olunur. Bunlara Mostazafan Fondu, İmam Xomeyni Yardım Komitəsi, “Xatəm əl-Ənbiya” tikinti qərargahı və “Astan Qüds Rəzəvi” kimi böyük qurumlar daxildir. İddialara görə, bu strukturların maliyyə fəaliyyətinə Müctəba Xamenei nəzarət edirdi.

2026-cı ildə “Bloomberg” agenliyi tərəfindən aparılan araşdırmaya görə, Müctəbanın aktivləri arasında Londonda və Dubayda yerləşən bahalı daşınmaz əmlak, həmçinin Avropada gəmiçilik, bank və mehmanxana biznesi ilə əlaqəli investisiyalar var. Araşdırmada qeyd olunur ki, bu aktivlərin əksəriyyəti onun öz adına deyil, vasitəçilər və müxtəlif ölkələrdə yaradılmış çoxqatlı şirkət strukturları vasitəsilə saxlanılıb.

News about -   İranın yeni Ali Lideri kimdir?

Qeyd edək ki, İranın əvvəlki rəhbərləri Ruhulla Xomeyni və Əli Xamenei olub. İlk Ali Lider ölkədə şah hakimiyyətinin İslam inqilabı nəticəsində devrilməsindən sonra hakimiyyətə gəlib. İnqilabi hərəkatın lideri olan Xomeyni ölkədə böyük populyarlığa malik idi. O, 1989-cu ildə vəfat edib.

Xomeyninin hakimiyyəti dövründə İranın ikinci ali rəhbəri Əli Xamenei ölkənin prezidenti olub. Həmin dövrdə bu vəzifə daha çox simvolik xarakter daşıyırdı, çünki icra hakimiyyətinə rəhbərlik səlahiyyətləri baş nazirə məxsus idi.

Fevralın 28-də İsrail və ABŞ-nin İrana birgə aviazərbələri zamanı öldürülən Əli Xamenei 1989-cu ilin iyununda ali rəhbər vəzifəsini tutub və bu postda təxminən 37 il qalıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol