İranın müdafiə naziri: ABŞ atəşkəsi pozsa, cavab tədbirləri görüləcək
3 İyul 2026 15:57   Paylaş

İran müdafiə nazirinin səlahiyyətlərini icra edən general-mayor Məcid İbn ər-Rza Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə telefon danışığında ABŞ tərəfindən atəşkəsin pozulacağı təqdirdə adekvat cavab veriləcəyini bildirib.

"Stabil.az" İran mediasına istinadən xəbər verir ki, tərəflər söhbət zamanı regiondakı son vəziyyəti, atəşkəsin icrasını, həmçinin iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Məcid İbn ər-Rza bildirib ki, ABŞ-ın öhdəliklərini yerinə yetirməməsi təcrübəsi var və buna görə Tehran qarşı tərəfə etibar etmir, razılaşma pozulacağı təqdirdə, İran ordusu müvafiq cavab verəcək.

O, İranın Türkiyə və digər region ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Yaşar Gülər Ankaranın atəşkəsin tam icrasını və diplomatik prosesin davam etdirilməsini dəstəklədiyini bildirib.

O qeyd edib ki, regionun təhlükəsizliyi regional ölkələrin əməkdaşlığı ilə təmin olunmalıdır.

Yaşar Güler Türkiyənin terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi və regional məsələlərdə İranla əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol