İran ABŞ-nin müttəfiqi olan 7 ölkəyə xəbərdarlıq edib
24 İyul 2026 14:46   Paylaş

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv bir sıra ölkələrin və İordaniyanın İrana qarşı ABŞ-nin hərbi hücumlarında iştirak etdiyini bildirib.

"Stabil.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb.

"Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", - Bəqai bildirib.

O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: "Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır".

O xatırladıb ki, İran tərəfindən özünümüdafiə hüququnun həyata keçirilməsi bütün regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsi üçün zəruri addımdır.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol