Güclü qar Yaponiyada onlarla insanın ölümünə səbəb olub
10 Fevral 2026 15:17   Paylaş

Son üç həftə ərzində Yaponiyada müşahidə olunan güclü qar yağışı nəticəsində azı 46 nəfər həyatını itirib. Kəskin hava şəraiti səbəbindən daha 558 nəfərin xəsarət aldığı bildirilir.

"Stabil.az" xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti çərşənbə axşamı Yaponiyanın təcili yardım xidmətlərinə istinadla məlumat yayıb.

Məlumata görə, Yaponiyanın şimal bölgələrində güclü qar yanvarın 20-dən etibarən yağmağa başlayıb. Çətin hava şəraiti ölkənin bir sıra ərazilərində ciddi fəsadlara yol açıb. Aomori, Vaşkanay və digər şimal şəhərlərində avtomobil yolları bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, çoxsaylı avtomobil qarla örtülmüş yollarda ilişib qalıb.

Yapon dənizi sahillərində bəzi ərazilərdə qarın hündürlüyü 4,5 metrə çatıb. Yerli Meteorologiya Agentliyi qərb və şimal sahil zonalarında qar yağışının daha da intensivləşə biləcəyi barədə xəbərdarlıq edib.

Hökumət insan itkilərinin və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanlarına bütün mövcud resursların səfərbər olunması ilə bağlı tapşırıqlar verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol