Güclü daşqınlar Portuqaliyada insan tələfatına yol açıb
Yanvarın sonundan etibarən Portuqaliyada müşahidə olunan güclü fırtına və leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub.
"Stabil.az"ın “Publico” nəşrinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 16 nəfər həyatını itirib. Vəziyyət xüsusilə ölkənin mərkəzi hissəsində, o cümlədən təxminən 3000 sakinin təxliyə edildiyi Koimbra şəhəri ətrafında daha ağırdır. Hakimiyyət orqanları Mondeqo çayında suyun səviyyəsinin kritik həddə yaxınlaşdığını bildirərək mümkün “əsrin daşqını” ilə bağlı xəbərdarlıq edib.
Güclü fırtına A1 avtomobil yolunun bir hissəsini dağıdıb, 33 mindən çox insan isə elektriksiz qalıb. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3000-dən çox hərbçi səfərbər edilib, daha 9000 nəfərin təxliyəsinə hazırlıq görülür. İlkin hesablamalara görə, zərər milyonlarla avro təşkil edir.
Təbii fəlakət siyasi nəticələrə də səbəb olub. Daxili işlər naziri Mariya Lusiya Amaral fəaliyyətini davam etdirmək üçün lazımi şəraitin olmadığını əsas gətirərək istefa verib. Hökumət ekstremal hava hadisələrinə qarşı qeyri-kafi hazırlıqda ittiham olunur.
Fırtına İspaniyaya da təsir göstərib. Əndəlüsdə 3000-dən çox insan təxliyə olunub, təxminən 100 yol bağlanıb. Kadiz əyalətində isə güclü yağışlarla bağlı yeni xəbərdarlıqlar edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





