Gəncə 11 gün davam edən güləş festivalına ev sahibliyi edəcək
Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı keçiriləcək.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 3-7 fevralda U-20 yaş qrupunda yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı, 8 fevralda isə qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi baş tutacaq. Növbəti mərhələdə, 9-13 fevral tarixlərində isə U-17 yaş qrupunda yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı Gəncə İdman Sarayında təşkil ediləcək.
11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun keçiriləcək. Görüşləri həm yerli (beynəlxalq və milli dərəcəli), həm də ölkə xaricindən dəvət olunmuş I-S kateqoriyalı referilər idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibinə daxil ediləcək. U-20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral saat 17:00-da, U-17 yaş qrupunda analoji yarışın açılışı isə 9 fevral saat 17:00-da başlayacaq.
Yarışlarda gündüz seansları saat 10:00-da, həlledici qarşılaşmalar isə axşam saat 17:00-da keçiriləcək. Azarkeşləri maraqlı sürprizlər gözləyir.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il də güləş üzrə U-15 ölkə birinciliyinə ev sahibliyi edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





