Estoniyadan Ukraynaya 340 min avroluq yardım paketi
13 Avqust 2026 15:21   Paylaş

Estoniya Rusiya hücumları nəticəsində enerji infrastrukturunun zədələnməsindən zərər çəkən və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan ukraynalılara yardım məqsədilə 340 min avro vəsait ayıracaq.

"Stabil.az" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyidən (XİN) bildirilib.

Proqram çərçivəsində "Mondo" qeyri-hökumət təşkilatı 160 min avro alacaq. Vəsaitlər Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərində məcburi köçkünlərin yerləşdirildiyi 13 mərkəzin qışa hazırlığına yönəldiləcək. Onlar isitmə avadanlıqları və zəruri materiallarla təmin ediləcək, iki mərkəz isə təmir olunacaq və onların istilik izolyasiyası yaxşılaşdırılacaq.

Bu yardım sayəsində əsasən yaşlılar, əlilliyi olan şəxslər, qadınlar və uşaqlardan ibarət 860-a yaxın məcburi köçkün qışı isti şəraitdə keçirə biləcək.

Estoniya daha 160 min avronu "Estonian Refugee Council"ə verəcək. Maliyyələşdirmə Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərində cəbhə xətti yaxınlığında yaşayan ailələrin dəstəklənməsi üçün nəzərdə tutulub.

Bundan əlavə, "Estonian Rescue Association" 20 min avro alacaq. Bu vəsait Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri üçün iki mobil təcili yardım məntəqəsinə avadanlıqların alınmasına sərf olunacaq.

Belə mobil məntəqələrdə hərbi əməliyyatlardan zərər çəkmiş rayonların sakinləri isinə, elektron cihazlarını şarj edə və ehtiyac yarandıqda psixoloji dəstək ala biləcəklər.

Estoniya XİN-dən vurğulanıb ki, yardım ilk növbədə Ukraynanın enerji infrastrukturuna davam edən hücumlar fonunda cəbhəboyu rayonların ən həssas sakinlərinin qışa daha yaxşı hazırlanmasına yönəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol