Estoniya Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasını qadağan etməyə hazırlaşır
29 Yanvar 2026 18:26   Paylaş

Estoniya hökuməti Rusiya və Belarus vətəndaşlarının ölkədə daşınmaz əmlak almasına qadağa qoymağa hazırlaşır.

"Stabil.az" “Delfi”yə istinadən xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Tarro məlumat verib.

Nazir bildirib ki, Rusiya və Belarus vətəndaşlarının Estoniyaya giriş və qalma hüquqları artıq məhdudlaşdırılıb və “məntiqi olaraq, onların daşınmaz əmlak almaq hüququnun da olmaması lazımdır”.

Tarro uzunmüddətli qalmaq icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasının qadağan edilməsi üçün qanunda təcili dəyişikliklər təklif edəcəyini vurğulayıb. Bu məhdudiyyətlər həmçinin həmin vətəndaşların sahib olduğu şirkətlərə də şamil ediləcək.

Nazirin sözlərinə görə, “bu əmlaklar casusluq və təxribat üçün, o cümlədən böhran vəziyyətlərində ölkəmizə qarşı istifadə oluna biləcək mövqelərin hazırlanması məqsədilə istifadə oluna bilər”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol