Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib
30 Yanvar 2026 09:22   Paylaş

Türkiyə və Özbəkistan münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə yönəlib.

"Stabil.az" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında səsləndirib.

Türkiyə Prezidenti bildirib ki, Ankara Mərkəzi Asiya ölkələrinin rifahına töhfə verməyə hazırdır. “Qəlblərimiz birgə döyündükcə, türk dövlətləri qlobal proseslərə töhfə verməyə davam edəcək. Əminəm ki, Türk dünyası bu əsrdə öz izini qoyacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Dövlət başçısı 2023-cü ilin fevralında Türkiyədə 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə və Özbəkistan münasibətlərini “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltmək istiqamətində səylər davam edir. Onun sözlərinə görə, hər iki ölkənin institutları ümumi siyasi, iqtisadi, mədəni, humanitar və regional məqsədlərə nail olmaq üçün fasiləsiz fəaliyyət göstərir. Son illərdə ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində çoxsaylı birgə layihələr icra olunub.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara ilə Daşkənd arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni addımlar planlaşdırılır.

“Son 10 il ərzində Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarət dövriyyəsi üç dəfə artıb. Əminəm ki, qardaş Özbəkistanla əmtəə dövriyyəsi yaxın vaxtlarda ildə 5 milyard dollara çatacaq”, – deyə o bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, Türkiyə dünyada yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir. “Türkiyə təsir imkanlarını artırır və bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Bu, yalnız İslam dünyasında deyil, qlobal miqyasda da özünü göstərir”, – deyə Mirziyoyev vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol