Əraqçi: İran Türkiyənin sülh təşəbbüslərinə minnətdardır
31 Yanvar 2026 10:10   31 Jan 2026 10:35 Paylaş

İran bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.

“Stabil.az” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Əraqçi bildirib ki, Türkiyə Prezidenti ilə hər iki ölkə üçün önəm daşıyan regional məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan məmnunluq duyur. O qeyd edib ki, görüş zamanı İranın mövqeyi bir daha diqqətə çatdırılıb:

“Bir daha vurğuladım ki, İran heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyib və xalqımızın qanuni maraqlarına cavab verən ədalətli, bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır. Bu saziş ‘Nüvə Silahına Yox’ prinsipinin təmin olunmasını və sanksiyaların ləğvinə zəmanət verilməsini əhatə etməlidir”.

Nazir vurğulayıb ki, digər qardaş qonşularla yanaşı, Türkiyə də regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün xoşməramlı təşəbbüslər göstərir. Onun sözlərinə görə, İran İslam Respublikası bu səylərə görə Türkiyəyə minnətdardır və onları yüksək qiymətləndirir.

Abbas Əraqçi əlavə edib ki, İran regionda sülh və sabitliyin qorunması, eləcə də onun qanunsuz təcavüzlərdən müdafiəsi məqsədilə region ölkələri ilə əməkdaşlığa hər zaman hazırdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol