DYP bayram günləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
26 May 2026 11:31   Paylaş

Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar artan hərəkət intensivliyi fonunda sürücü və piyadalara daha diqqətli olmağa çağırıb.

"Stabil.az" bu barədə idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

Müraciətdə qeyd olunub ki, paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Bildirilib ki, uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etməyi, təhlükəli davranışlardan çəkinməyi və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağı tövsiyə edib.

Qurum piyadalara da müraciət edərək yolları yalnız müəyyən olunmuş yerlərdən keçməyə, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamağa çağırıb.

Unutmayaq ki, təhlükəsiz yol — ən gözəl bayram hədiyyəsidir. Bayram sevincinizi qorumaq isə sizin düzgün seçimlərinizdən asılıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol