Dünyanın ən varlı ailələri dollara yatırımları niyə azaldıb?
Son illərdə qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər investorların və böyük sərvət sahiblərinin strategiyalarına ciddi təsir göstərir. Geosiyasi gərginliyin artması, beynəlxalq ticarət münasibətlərində qeyri-müəyyənlik, dövlət borclarının rekord səviyyələrə yüksəlməsi və inflyasiya riskləri dünya iqtisadiyyatının gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırıb.
“Stabil.az”ın məlumatına görə, xüsusilə ABŞ iqtisadiyyatında müşahidə olunan proseslər beynəlxalq maliyyə dairələrinin diqqət mərkəzindədir.
Uzun illər qlobal maliyyə sisteminin əsas dayaqlarından biri hesab edilən ABŞ dollarının mövqeyi ilə bağlı müzakirələr son dövrlərdə daha da intensivləşib.

Dünyanın ən böyük sərvətlərini idarə edən ailə ofisləri və iri investorlar mövcud riskləri nəzərə alaraq investisiya portfellərini yenidən formalaşdırmağa başlayıblar. Onlar aktivlərini daha geniş coğrafiyalara yaymaq, inkişaf etməkdə olan bazarlara yönəlmək və infrastruktur layihələrinə investisiyaları artırmaqla potensial riskləri minimuma endirməyə çalışırlar. Ekspertlər hesab edirlər ki, bu tendensiya qlobal kapital axınlarının istiqamətində mühüm dəyişikliklərə səbəb ola bilər.
İsveçrənin UBS bankının apardığı son araşdırma da göstərir ki, dünyanın ən varlı ailələri arasında dollar aktivlərindən uzaqlaşmaq və investisiyaları diversifikasiya etmək meyli getdikcə güclənir.
Bankın araşdırmasına əsasən, dünyanın ən varlı ailələri geosiyasi qeyri-müəyyənlik və dövlət borcunun artması fonunda ABŞ dollarına yatırımlarını azaldırlar.
Sözügedən araşdırma yanvar ayından martın sonunadək həyata keçirilib. Sorğuda UBS-in dünyanın müxtəlif ölkələrindən olan 307 müştərisi iştirak edib. Ailələrin orta xalis sərvəti 2,7 milyard ABŞ dolları təşkil edib.
UBS-in məlumatına görə, ailə ofislərinin təxminən üçdə ikisi bir il ərzində dolların ehtiyat valyuta kimi etibarlılığına inamın zəifləyəcəyini gözləyir. UBS-in strateqi Maksimilian Kunkelin sözlərinə görə, bir çox ailə öz investisiya portfellərini yenidən nəzərdən keçirib və onların təxminən yarısı aktivlərinin dollardan həddindən artıq asılı olduğu qənaətinə gəlib.
Ailə ofisləri portfellərinə inkişaf etməkdə olan bazarların səhmlərini və infrastruktur aktivlərini əlavə etməyi planlaşdırırlar. UBS-in icraçı direktoru Benjamin Kavalli bildirib: “İlk dəfədir ki, ailə ofislərinin Asiya-Sakit Okean regionunda və müəyyən dərəcədə Qərbi Avropada mövqelərini gücləndirməyə çalışdıqlarını hiss edirik”. O, həmçinin əlavə edib: “Bu, əsasən ABŞ-dan kənardakı ailə ofislərinə aiddir, lakin ABŞ ailə ofislərinin çox məhdud bir hissəsindən də dedollarizasiya prosesinin əlamətlərini görürük”.
Qeyd edək ki, yaz aylarında ABŞ-ın dövlət borcu İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq ölkə iqtisadiyyatının həcmini ötüb. Mart ayının sonuna olan məlumata görə, ABŞ-ın dövlət borcu 31,27 trilyon dollar təşkil etdiyi halda, 12 aylıq dövr üzrə ÜDM 31,22 trilyon dollar olub. Ölkə borcun ÜDM-ə nisbətinin 1946-cı ildə qeydə alınmış 106%-lik tarixi rekord səviyyəsinə sürətlə yaxınlaşır.

Mart ayında ABŞ Federal Ehtiyat Sisteminin (FES) əsas göstərici kimi istifadə etdiyi PCE indeksinə əsasən inflyasiya 3,5%-ə çatıb ki, bu da son üç ilə yaxın dövrün ən yüksək göstəricisidir.
Ölkənin keçmiş maliyyə naziri və FES-in sabiq sədri Canet Yellen ABŞ Prezidenti Donald Trampın dövlət borcunun xidmət xərclərini azaltmaq məqsədilə faiz dərəcələrinin aşağı salınmasına yönəlmiş kampaniyasını “banan respublikası” ritorikası ilə müqayisə etmişdi.
Onu da qeyd edək ki, FES aprel ayının sonunda uçot dərəcəsini illik 3,5–3,75% səviyyəsində saxlayıb. Dünyanın ən böyük istiqraz investisiya fondu olan Pimco isə may ayında İranla müharibənin nəticələri və enerji daşıyıcılarının qiymətlərinin artması fonunda əsas faiz dərəcəsinin artırılmasını istisna etməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




