Dövlət orqanlarında 44 vakant vəzifə üzrə daxili müsahibə elan olunub
Bu gün 18 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun 44 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.
"Stabil.az" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, elan edilən vəzifələrin 3-ü dördüncü, 8-i beşinci, 18-i altıncı və 15-i yeddinci təsnifata aiddir.
Ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunub (14 vəzifə). Həmçinin, 10 vəzifə Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 9 vəzifə isə 4 yerli icra hakimiyyəti orqanı tərəfindən elan edilib.
Qanunvericiliyə uyğun olaraq, sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığını təmin edir, vaxt və maliyyə itkilərinin qarşısını alır və DİM tərəfindən göstərilən xidmətləri daha əlçatan edir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:
-
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsi uyğun olan dövlət qulluqçuları;
-
Dövlət orqanının ləğvi, ştatların ixtisarı və ya kadr ixtisasına görə ehtiyatda saxlanılan şəxslər.
Müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 12-si saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





