Demoqrafik fərq: Nigeriyada doğumlar Avropa və Rusiyadan çoxdur
29 Yanvar 2026 15:33   Paylaş

Nigeriyada bir il ərzində doğulan uşaqların sayı Avropa və Rusiyadakı ümumi doğum göstəricisini geridə qoyub. 2023-cü ildə bu Afrika ölkəsində təxminən 7,5 milyon uşaq dünyaya gəlib. Həmin dövrdə Avropa və Rusiyada ümumilikdə 6,3 milyona yaxın doğum qeydə alınıb.

"Stabil.az" “Eurostat”ın məlumatına istinadən xəbər verir ki, demoqrafik böhranla üzləşən Avropanın əksər ölkələrində doğum səviyyəsi kəskin şəkildə azalıb. Hazırda Avropa İttifaqı ölkələrində hər qadına orta hesabla 1,38 uşaq düşür ki, bu da tarixi minimum göstərici hesab olunur. Rusiya da oxşar demoqrafik tendensiya ilə üzləşir.

Bunun əksinə olaraq, Afrikanın əhali sayına görə ən böyük dövləti olan Nigeriya dünyada ən yüksək doğum göstəricilərindən birinə malikdir. Ölkədə hər qadına orta hesabla 4,5-dən çox uşaq düşür. Bu göstəriciyə görə Nigeriya yalnız Hindistandan geri qalır. Əhalisinin böyük hissəsinin gənclərdən ibarət olması ölkəni dünyanın ən sürətlə artan əhali mərkəzlərindən birinə çevirib.

Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, yüksək doğum göstəricilərinə baxmayaraq, Nigeriya bir sıra ciddi sosial-iqtisadi problemlərlə üzləşir. Təhsil səviyyəsi, reproduktiv sağlamlıq xidmətləri və qadınların əmək bazarında iştirakı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Ekspertlərin fikrincə, təhsilə və yeni iş yerlərinin yaradılmasına investisiya qoyularsa, bu demoqrafik artım ölkə üçün böyük iqtisadi potensial yarada bilər. Əks halda, sürətlə artan gənc əhali ciddi yükə çevrilə bilər.

Beynəlxalq proqnozlara əsasən, Nigeriya əsrin ortalarına qədər Hindistan və Çindən sonra dünyanın ən çox əhalisi olan ölkələrindən birinə çevriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol