Cenevrə danışıqları necə bitdi?
19 Fevral 2026 13:35   19 Feb 2026 13:37 Paylaş

Fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində “InterContinental Geneva” hotelində Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqların üçüncü raundu keçirildi.

“Stabil.az”ın məlumatına görə, danışıqların ilk günü təmaslar təxminən altı saat, ikinci gün isə iki saata yaxın davam edib. Danışıqlar məkanında olan jurnalistlərin sözlərinə görə, tərəflər arasında müzakirələr çox gərgin mühitdə baş tutub və üç formatda, yəni Rusiya-ABŞ, Rusiya-Ukrayna, Rusiya-ABŞ-Ukrayna olaraq keçirilib.

Vaşinqton və Kiyev Cenevrəyə Əbu-Dabidəki raundlarda iştirak etmiş eyni nümayəndə heyətlərini göndərib: ABŞ nümayəndə heyətinə ölkə prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar, ABŞ liderinin kürəkəni Cared Kuşner rəhbərlik edib. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edib.

Moskva isə nümayəndə heyətinin tərkibini 20 nəfərə qədər genişləndirib və üç şəxsin iştirakını rəsmi təsdiqləyib: qrupa Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib, heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisi admiral İqor Kostyukov daxil olub. Medinski və Qaluzin 2025-ci ildə İstanbulda Ukrayna ilə birbaşa danışıqlarda Rusiyanı təmsil etmişdilər, Kostyukov isə Əbu-Dabidə keçirilən iki görüşdə nümayəndə heyətinə rəhbərlik edib.

BƏƏ-də keçirilən görüşlərdə əsas diqqət hərbi məsələlərə yönəlmişdisə, Cenevrədə gündəliyə daha geniş mövzular, o cümlədən ərazilər problemi çıxarılıb.

Görüşlərin yekunları barədə nümayəndə heyətlərinin rəhbərləri jurnalistlərə qısa açıqlamalar veriblər. Medinskinin sözlərinə görə, danışıqlar “çətin, lakin işgüzar” keçib və növbəti görüş “yaxın vaxtlarda” baş tutacaq. Danışıqların yenidən Cenevrədə keçirilib-keçirilməyəcəyi isə hələ məlum deyil.

S.Uitkoff daha təmkinli mövqe nümayiş etdirərək İsveçrəyə danışıqlar üçün platforma təqdim etdiyinə görə təşəkkür edib və ABŞ Prezidenti Donald Trampın səyləri nəticəsində irəliləyiş əldə olunduğunu bildirib.

Üçtərəfli görüş barədə daha ətraflı məlumatı Rüstəm Umerov təqdim edib. Onun sözlərinə görə, danışıqlar siyasi və hərbi bloklar üzrə aparılıb: “Təhlükəsizlik parametrləri və mümkün qərarların icra mexanizmləri müzakirə olunub. Bəzi məsələlər dəqiqləşdirilib, digərləri üzrə əlavə razılaşdırma davam edir”. O, müəyyən irəliləyişlərin olduğunu desə də, detalları açıqlamaqdan imtina edib. Umerovun sözlərinə görə, növbəti mərhələdə tərəflər hazırlanmış həlli ölkə liderləri Vladimir Putin və Volodimir Zelenskiyə təqdim etmək üçün konsensus əldə etməlidirlər.

Sonradan Ukrayna prezidenti V.Zelenski də danışıqların nəticələrinə münasibət bildirib. Zelenskinin qiymətləndirməsinə görə, hərbi istiqamətdə hər üç tərəf “konstruktiv” olub. Onun sözlərinə görə, siyasi iradə olarsa, hərbçilər atəşkəsin monitorinqi mexanizmini razılaşdıra bilərlər və bu monitorinqdə ABŞ tərəfi mütləq iştirak edəcək.

Bəs hazırda iki ölkə arasında münaqişənin nizamlanma prosesi hansı mərhələdədir?

Rusiya, ABŞ və Ukrayna əvvəlki Əbu-Dabi danışıqlarını “həqiqətən konstruktiv” adlandırsalar da, fundamental problemlər həll olunmayıb. Qərb mediası Cenevrə görüşü ərəfəsində danışıqların dalana dirəndiyini yazırdı. Məlumata görə, Rusiya Donbas üzərində tam nəzarət də daxil olmaqla tələblərindən geri çəkilməyə hazır deyil.

Ən problemli məsələ Krımın, Donetsk və Luqansk “xalq respublikaları”nın, eləcə də Zaporojye və Xerson vilayətlərinin statusudur. Rusiya Konstitusiyasında bu ərazilər federasiyanın subyekti kimi göstərilir. Moskva dəfələrlə bəyan edib ki, “istənilən halda” Donbas Rusiyanın ərazisidir. Kiyev isə mübahisəli əraziləri “qırmızı xətlərindən” biri adlandırır. Bununla belə, əvvəllər bu torpaqların tam şəkildə Ukraynanın tərkibində qalmasını tələb edən Kiyev indi münaqişənin cəbhə xətti üzrə dondurulmasını istisna etmir və bəzi ərazilərin de-fakto itirilməsini qəbul edə biləcəyini bildirir, lakin de-yure bunu tanımır.

Son günlər Tramp Kiyevə təzyiqi artırıb və Zelenskini sülh sazişini sürətləndirməyə çağırıb. Zelenski isə Vaşinqtondan gələn təzyiqləri etiraf edib və güzəştlərin əsasən Ukrayna kontekstində müzakirə olunmasını ədalətsiz saydığını bildirib.

Zelenski Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını yalnız Rusiya da eyni addımı atacağı halda mümkün hesab etdiyini deyib. Onun sözlərinə görə, sülh sazişi ümumukrayna referendumuna çıxarıla bilər, lakin sənəddə Donbasdan çıxış nəzərdə tutulsa, cəmiyyət bunu qəbul etməyəcək.

Qərb KİV-ləri Ukrayna nümayəndə heyətində nizamlanma ilə bağlı tam birlik olmadığını da yazır. Bununla belə, Zelenskinin ofisi bu iddiaları təkzib edib və sürətli və ya ləng saziş anlayışının olmadığını vurğulayıb: “Torpağı təminatsız vermək tez olardı. Dəyərli razılaşma isə vaxt tələb edir”.

“Reuters”in məlumatına görə, ABŞ və Ukrayna danışıqları mart ayınadək yekunlaşdırma imkanını müzakirə ediblər, lakin ərazi məsələləri üzrə fikir ayrılıqları səbəbindən müddətlərin uzana biləcəyi etiraf olunur. Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio Rusiyanın münaqişəni dayandırmaq niyyətinin ciddiliyinə şübhə etdiyini bildirib, lakin texniki səviyyədə müəyyən irəliləyişlərin olduğunu da qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol