Bu il Bakı–Naxçıvan–Bakı aviareysi üzrə 367 mindən çox sərnişin daşınıb
9 İyul 2026 18:16   Paylaş

“Azərbaycan Hava Yolları” QSC 2026-cı ilin ilk yarısında Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 1 868 reys yerinə yetirib və 367,651 sərnişinə xidmət göstərib.

"Stabil.az" bu barədə AZAL-a istinadən bildirib.

Məlumata əsasən, hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.

Bildirilib ki, bu ilin ilk 6 ayı ərzində AZAL sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib: "Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı "Stopover" xidmətinin əlavə edilməsi imkanını yaradıb, "Rental Car" xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün "Alipay" və "WeChat Pay", Özbəkistan vətəndaşları üçün isə "HUMO" və "UZCARD" ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, "Bakcell" ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub. Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol