Bu gün mundial başlayır – DÇ 2026 barədə maraqlı detallar
Bu gün 2026-cı il futbol üzrə Dünya Çempionatı başlayır. İyulun 19-na qədər davam edəcək çempionat ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir ilk dəfədir ki, ikidən çox ölkənin ev sahibliyi ilə baş tutur və bu, onu tarixin ən irimiqyaslı çempionatı edir.
Bəs bu mundial barədə digər hansı maraqlı detallar var.
"Stabil.az" dünya üzrə milyonlarla insanın maraqla gözlədiyi DÇ 2026 barədə hazırladığı məqaləni təqdim edir.
İlk olaraq qeyd edək ki, turnir 16 şəhərdə keçiriləcək: onlardan 11-i ABŞ-da (Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietl), üçü Meksikada (Mexiko, Qvadalaxara və Monterrey), ikisi isə Kanadada (Vankuver və Toronto) yerləşir. Şəhərlər arasındakı maksimum məsafə 4,5 min kilometrdən çoxdur.
104 oyundan 78-i, o cümlədən dörddə bir final mərhələsindən etibarən bütün qarşılaşmalar ABŞ-da baş tutacaq. Meksika və Kanadanın hər birinin payına isə 13 matç düşür.
Bu dünya çempionatı, böyük ehtimalla, iki əfsanəvi futbolçu - Lionel Messi və Kriştianu Ronaldu üçün sonuncu olacaq.
Açılış oyununda kimlər oynayacaq?
11 iyunda Mexiko şəhərinin “Atsteka” stadionunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında açılış oyunu keçiriləcək. Bu ölkələrin milli komandaları 2010-cu ildə Yohannesburqda (CAR) baş tutan dünya çempionatının da açılışını etmişdilər. Həmin vaxt qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Meksika açılış oyunlarında iştirak sayına görə rekordçudur - 8 dəfə.

Bəs çempionatın mükafat fondu nə qədərdir?
Ümumi mükafat fondu: 871 milyon dollar
İştirak: 12,5 milyon dollar
1/16 final: 14,5 milyon dollar
1/8 final: 18,5 milyon dollar
1/4 final: 22,5 milyon dollar
Dördüncü yer: 30,5 milyon dollar
Üçüncü yer: 32,5 milyon dollar
Finalçı: 36,5 milyon dollar
Çempion: 53,5 milyon dollar
DÇ iştirakçısı ümumilikdə təxminən 12,5 milyon dollar qazana bilər. Müqayisə üçün: DÇ-2022-də qrup mərhələsini keçə bilməyən hər bir komanda 9 milyon dollar almışdı. Bundan əlavə, cari turnirdə qalib rekord məbləğdə — 53,5 milyon dollar mükafat əldə edəcək.
Turnirin formatı necədir?
Turnirdə 32 əvəzinə rekord sayda — 48 komanda iştirak edəcək. Bütün yığmalar hər birində dörd komanda olmaqla 12 qrupa bölünəcək. Qrup qalibləri və ikinci yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutanlar arasında ən yaxşı nəticə göstərən səkkiz yığma pley-offa yüksələcək.
Beləliklə, tarixdə ilk dəfə olaraq 1/16 final mərhələsi oynanılacaq, halbuki Meksikada keçirilən DÇ-1986-dan bəri pley-off 1/8 finaldan başlayırdı.
Turnirdə ümumilikdə 104 matç keçiriləcək. Müqayisə üçün qeyd edək ki, Qətərdəki DÇ-2022-də 64 qarşılaşma keçirilmişdi. Turnirin müddəti isə 39 günə qədər uzanacaq.
Dünya çempionatına ən çox hansı ölkə ev sahibliyi edib?
Meksika dünya çempionatlarının keçirilmə sayına görə rekordçu olub. Bu, ölkə üçün üçüncü mundialdır (1970, 1986, 2026).
İtaliya (1934, 1990), Fransa (1938, 1998), Almaniya (1974, 2006) və Braziliya (1950, 2014) turnirə iki dəfə ev sahibliyi ediblər. Cari mundial ABŞ üçün ikinci olacaq, bundan əvvəl ölkə turniri 1994-cü ildə qəbul etmişdi.
Dünyanın ən titullu yığması hansıdır?
Braziliya yığması dünya çempionatlarında qazanılan qələbələrin sayına görə rekordçu olaraq qalır. Onlar turnirin 5 qat qalibidir (1958, 1962, 1970, 1994 və 2002-ci illərdə).
Daha sonra Almaniya və İtaliya (hərəyə 4 titul), Argentina (3), Fransa və Uruqvay (hərəyə 2) gəlir.
DÇ-də kimlər debüt edir?
2026-cı il dünya çempionatı eyni anda dörd milli komanda üçün debüt olacaq — Özbəkistan, İordaniya, Kabo-Verde və Kürasao.
Ən çox diqqət çəkən isə dünya çempionatları tarixində Mərkəzi Asiyadan ilk komanda olacaq Özbəkistan yığmasıdır. Asiya təsnifat mərhələsində Özbəkistan İrandan (23) iki xal geri qalaraq qrupda ikinci yeri tutub. Cari turnirdə onlar K qrupundan çıxmaq üçün Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaqlar.
İordaniya yığması 2014-cü il dünya çempionatına vəsiqə qazanmağa çox yaxın idi, lakin qitələrarası pley-offda uduzdu. DÇ-2026-da iordaniyalılar J qrupunda Argentina, Əlcəzair və Avstriya ilə birlikdə çıxış edəcəklər.
Kürasao həm ərazisinə (444 kv. km, dünyada 222-ci yer), həm də əhalisinin sayına görə (2023-cü il siyahıya alınmasına əsasən 155,8 min nəfər, dünyada 195-ce yer) dünya çempionatına vəsiqə qazanan tarixdəki ən kiçik dövlət olacaq. Karib dənizi təmsilçisi KONKAKAF-ın seçmə turnirindəki uğurlu çıxışı sayəsində vəsiqəni təmin edib.
Digər bir debütant isə Kabo-Verdedir. Afrika komandası təsnifat mərhələsinin əsas sensasiyalarından birinə imza ataraq Kamerun komandasını qabaqladı və öz qrupunun qalibi oldu.
Hansı yığmalar uzun fasilədən sonra DÇ-də çıxış edəcək?
Haiti və Konqo Demokratik Respublikası 1974-cü ildən bəri ilk dəfə dünya çempionatında oynayacaqlar. Bu yığmalar Kuba və İndoneziyadan (20) sonra DÇ-yə çıxa bilməmək üzrə fəaliyyətdə olan üçüncü ən uzun seriyaya (14) sahib idilər.
İraq yığması 1986-cı ildən bəri ilk dəfə DÇ-də çıxış edəcək.
Norveç, Şotlandiya və Avstriya 1998-ci ildən bəri ilk dəfə dünya çempionatında oynayacaqlar. Türkiyə isə DÇ-2002-dəki sensasiyalı üçüncü yerindən sonra ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.

“Ölüm qrupu” kimə qismət olub?
Turnirin ən çətin qruplarından biri I qrupudur. Fransa, Seneqal, Norveç və İraq yığmalarının daxil olduğu kvartet “ölüm qrupu” statusunu alıb. Bu qrupdakı ölkələrin orta çətinlik reytinqi 81,8% təşkil edib.
Dünya çempionatında qələbəyə iddialılar arasında olan Fransa (95,10%) qrupun əsas favoriti hesab olunur. Heyətində dünyanın ən yaxşı hücumçularından biri Erlinq Holandın çıxış etdiyi Norveç (82,95%) də pley-offa yüksəlmək üçün ciddi rəqib kimi nəzərdən keçirilir. Seneqal isə ənənəvi olaraq Afrikanın ən güclü komandalarından biri olaraq qalır (62,44%).
Azarkeşlərin xüsusi diqqətini qrup mərhələsində Fransa yığmasının lideri Kilian Mbappe ilə norveçlilərin hücumçusu Holandın qarşıdurması cəlb edir.
Digər çətin qruplar arasında Portuqaliya, Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikasının oynayacağı K qrupu (81,0), həmçinin Argentina, Avstriya, Əlcəzair və İordaniyanın iştirakı ilə J qrupu (80,5) fərqləndirilir.
DÇ-2026-nın ən bahalı oyunçusu kimdir?
Norveçli Erlinq Holand və İspaniya yığmasının yarımmüdafiəçisi Lamin Yamal futbol üzrə dünya çempionatının bütün iştirakçıları arasında ən yüksək transfer dəyərinə malikdirlər. Transfermarkt onların hər birini 200 milyon avro qiymətləndirir. İlk beşliyə fransalı Kilian Mbappe (180 milyon avro), ispaniyalı Pedri (150 milyon avro) və fransalı Maykl Olise (150 milyon avro) də daxildir.
Transfermarkt-ın versiyasına görə, DÇ-nin ən bahalı futbolçuları arasında braziliyalı Vinisius Junior (140 milyon avro), portuqaliyalılar Vitinya və Juan Neveş (hərəyə 140 mliyon avro), ingiltərəlilər Cüd Bellingem (130 milyon avro) və Deklan Rays (120 milyon avro), həmçinin fransalı Dezire Due (120 milyon avro) var.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




