Bu gün Məhəmməd Əmin Rəsulzadənin 142 illik yubileyidir
31 Yanvar 2026 11:12   Paylaş

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi, publisist və Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən biri, eləcə də Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

"Stabil.az" xatırladır ki, onun anadan olmasının 142 ili tamam olur.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. Atası onu məşhur pedaqoq Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi ikinci “Rus-müsəlman” məktəbinə göndərib, daha sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

1902-ci ildə 17 yaşında M.Ə. Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olmuşdur.

1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası yaradılıb və M.Ə. Rəsulzadə səs çoxluğu ilə onun sədri seçilib. Növbəti gün, mayın 28-də, Azərbaycanın istiqlaliyyəti elan edilib və Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası hökuməti formalaşdırılıb. Bu, Şərqdə ilk dəfə olaraq respublika qurulması demək idi.

Lakin Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay yaşadı. 1920-ci il aprelin 28-də Azərbaycanın sovet Rusiyasının işğalından sonra M.Ə. Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qaldı. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü il dekabrın 29-da Prezident Heydər Əliyev M.Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi ilə bağlı fərman imzalayıb. 2023-cü il dekabrın 30-da isə Prezident İlham Əliyev onun 140 illik yubileyinin qeyd olunması barədə Sərəncam verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol