Britaniyadakı seçkilər Starmer üçün nə vəd edir?
7 May 2026 11:27   07 May 2026 11:33 Paylaş

Bu gün Birləşmiş Krallıqda yerli, yəni İngiltərənin yerli özünüidarəetmə orqanlarına, Şotlandiya parlamentinə (Holirood) və Uels parlamentinə (Senedd) seçkilər keçiriləcək.

"Stabil.az"ın məlumatına görə, Exeter Universitetinin Seçki Mərkəzinin proqnozuna görə, İngiltərədə iki aparıcı siyasi qüvvəni - hakim leyboristləri və müxalif mühafizəkarları uğursuzluq gözləyir.

Bildirilib ki, həmin qüvvələr müvafiq olaraq 1425 və 907 yer itirəcəklər: “Hazırda leyboristlərin və mühafizəkarların şuralarda 2557 və 1362 mandatı olduğu halda, seçkilərdən sonra ölkənin ən böyük regionunda onların müvafiq olaraq 1132 və 455 mandatı qalacaq”.

Analitiklər “Reform UK” partiyasının qələbə qazanacağını proqnozlaşdırırlar (+1352 yer və ümumilikdə bu şuralarda 1355 mandat), həmçinin “Yaşıllar” (+555 yer, ümumilikdə — 696) və “Liberal demokratlar” (+393 yer, ümumilikdə — 1077) da qanunverici orqanlardakı mövqelərini gücləndirəcəklər. Proqnozlara görə, Şotlandiya və Uelsdə hakimiyyətə yerli milli partiyalar gəlməlidir.

Qeyd edək ki, İngiltərədə seçkilər 136 yerli hakimiyyət orqanını əhatə edəcək ki, bunların sırasında Londonun bütün 32 rayonu, İngiltərənin 32 metropoliten rayonu, 18 unitar vahid orqanı, altı qraflıq şurası, 48 rayon şurası var. Bundan əlavə, bu gün birbaşa səsvermə yolu ilə altı mer - yerli şuraların rəhbərləri də seçiləcək. Ümumilikdə isə 5066 yer uğrunda mübarizə aparılacaq.

News about -   Britaniyadakı seçkilər Starmer üçün nə vəd edir?

Əvvəllər bütün səviyyələrdə keçirilən seçkilərdə əsas rəqabət iki əsas siyasi qüvvə - leyboristlər və mühafizəkarlar arasında gedirdi. Lakin son illərdə Naycel Faracın rəhbərlik etdiyi sağ populist Reform UK (“Birləşmiş Krallığı İslah Etmək”) partiyası getdikcə güclənir. Partiya ilk növbədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə fokuslanır və “Britaniyaya qanunsuz daxil olanlara qarşı sıfır tolerantlıq” siyasəti yürütməyi, növbəti ümumi seçkilərdə (2029-cu il) qələbə qazanacağı təqdirdə isə Deportasiya Nazirliyi yaratmağı vəd edir.

Şotlandiya və Uels parlamentlərinə keçirilən seçkilərdə isə yerli siyasi qüvvələr mühüm rol oynayır. Hər iki regionda səsvermə qarışıq sistem üzrə keçirilir: deputatların bir hissəsi birmandatlı dairələr üzrə, digər hissəsi isə partiya siyahıları üzrə seçilir.

Şotlandiyada hazırda hakimiyyətdə regionun Birləşmiş Krallıqdan müstəqilliyini tələb edən Şotlandiya Milli Partiyasıdır (Scottish National Party — SNP). 2021-ci ildə seçilmiş çağırışda ona 129 yerdən 64-ü məxsus idi, onun ardınca isə mühafizəkarlar (31 yer) və leyboristlər (22 yer) gəlirdi. Şotlandiya hökumətinə 2024-cü ildən SNP lideri Con Suinni rəhbərlik edir. YouGov-un proqnozuna görə, SNP bu seçkilərdə Holiroodda 62 yer qazanacaq və çoxluq üçün üç mandat çatmayacaq, ikinci yeri isə 19 mandatla Reform UK tutacaq. Daha sonra leyboristlər (17 mandat), “Yaşıllar” (16), “Liberal demokratlar” (8) gəlir, sonuncu yerdə isə mühafizəkarlar (7) qərarlaşır.

Uels Seneddində isə 60 yer var, 2021-ci il seçkilərindən sonra onların 30-u leyboristlərə məxsusdur; mühafizəkarların 16 mandatı, Birləşmiş Krallıqdan ayrılmağın tərəfdarı olan Uels millətçilərinin Plaid Cymru (“Uels Partiyası”) partiyasının 13 mandatı, “Liberal demokratlar”ın isə bir mandatı var. Şotlandiyada olduğu kimi, Uelsdə də özlərinin hökuməti fəaliyyət göstərir və ona birinci nazir rəhbərlik edir. 2024-cü ildən bu vəzifəni isə Uels leyboristlərinin lideri Eluned Morqan tutur.

Bəs yerli səviyyədəki məğlubiyyət leyboristlər və Britaniyanın Baş naziri Kir Starmer üçün hansı nəticələrə səbəb ola bilər?

Ekspertlərin fikrincə, hazırkı seçkilər leyboristlərin və onların lideri, baş nazir Kir Starmerin cari reytinqlərini əks etdirəcək. Lakin ümummilli səsvermədən fərqli olaraq, yerli seçkilərdə diqqət mərkəzində qlobal deyil, lokal problemlər — yollar, körpülər, təhsil dayanır.

Leyborist Partiyası 2024-cü ilin iyulunda hakimiyyətə gəlib və İcmalar Palatasında yerlərin böyük əksəriyyətini — 650 yerdən 411-ni qazanıb. “Politico”nun cari ilin aprelin sonuna olan məlumatına görə, hazırda leyboristlərin dəstəyi 17% təşkil edir və bu onları dördüncü yerdə qərarlaşdırır. Onları 25%-lə Reform UK, həmçinin hərəsi 18% olan “Yaşıllar” və mühafizəkarlar qabaqlayır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyulunda keçirilən son ümumi seçkilərdə həmin ölçmələrə əsasən leyboristlərin dəstəyi 34% idi, Reform UK isə 17%-lə üçüncü yerdə qərarlaşmışdı. Partiya son nəticədə səkkiz yer qazanmışdı.

News about -   Britaniyadakı seçkilər Starmer üçün nə vəd edir?

Beləliklə, iki ildən də az müddətdə leyboristlərin reytinqi iki dəfə aşağı düşüb. YouGov-un məlumatına görə, britaniyalıların 70%-i hesab edir ki, Starmer öz vəzifələrinin öhdəsindən pis gəlir; sorğuda iştirak edənlərin yalnız 22%-i onun fəaliyyətini müsbət qiymətləndirir.

Ekspertlər bildirir ki, Starmer ardıcıl olmayan siyasət yürüdürdü: o, sosial təminat sistemində islahat aparmaq istəyirdi, lakin parlamentdə elə leyboristlərin özləri buna qarşı çıxdılar və ona bu islahatdan imtina etmək məcburiyyətində qaldı. Eyni hal miqrasiya siyasətinə də aiddir. La-Manş boğazı vasitəsilə kiçik qayıqlarla qeyri-qanuni immiqrasiya hələ də dayanmayıb. Ümumilikdə müşahidəçilər Starmerin 14-ə qədər siyasi dönüş etdiyini qeyd edirlər: “Leyboristlər növbədənkənar seçki elan etməyəcəklər, çünki anlayırlar ki, orada məğlub olacaqlar. Onlar sadəcə Starmeri vəzifədən uzaqlaşdıracaqlar, necə ki, mühafizəkarlar öz liderləri ilə bunu edirdilər. Problem ondadır ki, onun yerinə açıq-aşkar namizəd yoxdur”.

Proqnozlar Reform UK partiyasının artıq bir neçə ildir davam edən ciddi güclənməsinə işarə edir. İngiltərədə hər il may ayında keçirilən yerli seçkilərdə Faracın partiyası 2025-ci ildə liderliyə yüksəlib.

Ekspert Reform UK-in krallığın hakim partiyasına, Faracın isə baş nazirə çevrilə biləcəyini istisna etmirlər. Lakin bununla belə, bunu indidən proqnozlaşdırmağın tez olduğu vurğulanır, çünki növbəti seçkilər yalnız 2029-cu ildə keçiriləcək və bu müddət ərzində çox şey dəyişə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol