BP Xəzərdə qazma və texniki xidmət üzrə əməkdaşlıq müqaviləsini yeniləyib
BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağı və Şahdəniz qaz yatağının operatoru kimi platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə müqaviləni yeniləyib.
Bu müqavilə "SOCAR AQŞ" və ABŞ-ın "Helmerich & Payne" şirkətinin birgə müəssisəsi olan "Turan Drilling & Engineering Company" MMC ilə imzalanıb. Yenilənmiş razılaşma platformalarda əməliyyatların davamlılığını təmin etmək və texniki xidmətlərin səmərəliliyini artırmaq məqsədini daşıyır.
"Stabil.az" "BP-Azerbaijan"a istinadən xəbər verir ki, yenilənmiş müqavilə Xəzər dənizində BP-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması – "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq", "Çıraq", "Mərkəzi-Şərqi Azəri" (ACE) və "Şahdəniz Alfa" platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.
Bu ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.
Bu, Xəzər regionunda BP-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti bir iri müqavilədir. Bu müqavilə BP və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənmiş müqavilə həmçinin bp-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.
BP-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib ki, "Turan Drilling & Engineering Company" ilə olan uzunmüddətli müqaviləmizin yenilənməsindən çox məmnundurlar: "Xəzər regionunda uzun müddətdir təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz onilliklərə söykənən beynəlxalq təcrübəni, qabaqcıl qlobal yanaşma və texnologiyaları, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığımızın davam edəcəyindən həqiqətən məmnunuq. bp regiondakı 33 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. İnanırıq ki, bu yeni müqavilə əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə davamlı öhdəliyimizi dəstəkləyəcək."
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





