“bp-Azerbaijan”: “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetrdir
“bp-Azerbaijan”ın məlumatına görə, “Şahdəniz” yatağında illik qaz hasilatı 27 milyard kubmetr, gündəlik kondensat hasilatı isə 80 min bareldən çox təşkil edir.
"Stabil.az" xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan "bp-Azərbaycan" şirkətinin məlumatında bildirilib.
"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.
Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.
"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.
"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
"Şahdəniz" üzrə iştirak payları belədir: bp (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





