Bondinin yaydığı siyahıda kimlərin adı var?
20 Fevral 2026 10:55   20 Feb 2026 10:56 Paylaş

ABŞ-nin baş prokuroru Pem Bondi bir neçə gün əvvəl Ceffri Epşteyn işi ilə bağlı sənədləri yayımlayıb. Həmin sənədlərdə isə siyasi, iqtisadi və şou-biznes sahələrində fəaliyyət göstərən 300-dən çox tanınmış şəxsin adı hallanır.

“Stabil.az”ın məlumatına görə, sənədlərdə adının yer alması həmin şəxslərin qanunsuz hərəkətlərə yol verdiyini və ya amerikalı maliyyəçi Ceffri Epşteynlə birbaşa əlaqədə olduğunu göstərmir.

ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, bəzi şəxslər Epşteyn və ya onun şəriki Gisleyn Maksvell ilə birbaşa yazışmada olublar, digərləri isə Epşteyn və Makswell işləri ilə əlaqəsi olmayan sənəd hissələrində qeyd olunublar.

Siyahıda ən çox adı keçənlər amerikalı siyasətçilərdir və ümumilikdə sayları 82 nəfərdir. Onların arasında sənədlərdə ən çox adı hallanan şəxs ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və Ağ Evin sabiq baş strateqi Stiv Bennondur. Bildirilir ki, Epşteyn onunla yazışıb və görüşüb. Qeyd sayına görə ikinci yerdə ABŞ Prezidenti və biznesmen Donald Tramp (1433 qeyd) və Bill Klinton (1192 qeyd) gəlir. Ceffri Epşteyn hər ikisi ilə tanış olub. Sənədlərdə həmçinin Barak Obama, Co Bayden, Corc Buş (kiçik), Ronald Reyqan və Dik Çeyninin adları çəkilir.

News about -   Bondinin yaydığı siyahıda kimlərin adı var?

Siyahıdakı 79 ad hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hüquqşünaslara məxsusdur. Onları arasında maliyyəçiyə qarşı ittiham üzərində çalışmış şəxslər də var. Məsələn, Epşteynə qarşı ilk cinayət işi açan prokuror Barri Krişer (53 qeyd) onların sırasındadır. Lakin ən çox, təxminən 8,9 min dəfə adı keçən şəxs Kətlin Rüemmler olub. O, Barak Obama dövründə Ağ Evin hüquq müşaviri, son illərdə isə “Goldman Sachs” investisiya bankının baş hüquq müşaviri vəzifəsində çalışıb. “The New York Times” (NYT) qəzetinin yazdığına görə, Epşteynin müşaviri, etibarlı şəxsi və dostu olmuş Rüemmler sənədlər yayımlandıqdan sonra istefa verməyə məcbur qalıb.

Arxiv sənədlərində 46 biznesmen, investor və top-menecerin də adı keçir. Onlar arasında İlon Mask, Mark Zukerberq və Ceff Bezos var. Fayllarda ən çox, təxminən 8,2 min dəfə “Apollo Global Management” investisiya şirkətinin sabiq baş direktoru Leon Blekın adı hallanır. Forbes onun sərvətini 13,2 milyard dollar olaraq qiymətləndirir. NYT onu Epşteynin əsas gəlir mənbələrindən biri adlandırıb. Məlumdur ki, milyarder maliyyəçiyə 150 milyon dollardan çox vəsait ödəyib.

Siyahıda mədəniyyət, şou-biznes və media nümayəndələrinə məxsus daha 45 ad yer alıb. Həmin şəxslər sırasında Mik Cagger, Beyonse və hətta 1970-ci ildə vəfat etmiş Cenis Coplin də yer alır. Ən çox adı çəkilənlər rejissor Vudi Allen (7079 qeyd) və jurnalist Maykl Volf (5173 qeyd) olub. Birincisi Epşteynin Nyu-Yorkda dostu və qonşusu idi və tez-tez, o cümlədən həyat yoldaşı ilə birlikdə onun evində nahar edirdi. İkincisi Epşteynlə yazışmada olub və ona Donald Trampla əlaqələr barədə məsləhətlər verib.

News about -   Bondinin yaydığı siyahıda kimlərin adı var?

Baş prokurorun siyahısında bir sıra dünya siyasətçilərinin də adı keçir. Bu siyahı Böyük Britaniyanın Baş naziri Kir Starmerdən (10 qeyd) tutmuş Fidel Kastro (49 qeyd) və Marqaret Tetçerə (53 qeyd) qədər uzanır. Ən çox, yəni 5,6 mindən çox dəfə adı çəkilən şəxs isə Avropa Komissiyasının keçmiş üzvü və Böyük Britaniyanın ABŞ-dəki sabiq səfiri Piter Mandelsondur. O, Epşteynə hökumət məlumatlarını ötürməkdə şübhəli bilinir.

Bununla yanaşı, siyahıda həkimlər də var. Onlar arasında Yale Universitetinin psixiatrı Henri Jaretski (665 qeyd) və iş üzrə şahid qismində çıxış etmiş Syuzan Poup (9 qeyd) yer alır. Həmçinin Ceffri Epşteynin rəsmi olaraq ittiham olunmuş şərikləri Gisleyn Maksvell (13,2 min qeyd) və model agentliyinin sahibi Jan-Lük Bryunel (7,4 min qeyd) də siyahıya daxildir.

Qeyd edək ki, Maksvell 2021-ci ildə insan alverinə cinsi istismar məqsədilə yardım etməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsxanada cəzasını çəkir. Epşteyn işi üzrə məhkəmə sənədləri 2019–2025-ci illər ərzində hissə-hissə məxfilikdən çıxarılıb. 30 yanvar 2026-cı ildə ABŞ Ədliyyə Nazirliyi 3 milyon səhifə sənəd, eləcə də 2 mindən çox videoçarx və 180 min fotoşəkil yayımlayıb ki, bu da pedofil maliyyəçinin işi üzrə ən genişmiqyaslı sənəd açıqlaması olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol