BMT-nin yeni baş katibi kim olacaq? – Namizədlər
18 Fevral 2026 11:45   Paylaş

Birləşmiş Millətlər Təşkilatı (BMT) hazırda onuncu baş katibin seçkilərinə hazırlaşır. Belə ki, 2017-ci ildən təşkilata rəhbərlik edən Antoniu Quterreş-in mandat müddəti başa çatmaq üzrədir.

“Stabil.az”ın məlumatına görə, ötən ilin noyabrın ayında BMT Baş Assambleyasının sədri Annalena Berbok və həmin dövrdə Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Maykl İmran Kanu təşkilatın üzv dövlətlərinə birgə məktub göndərərək yeni baş katib vəzifəsinə namizədlərin seçimi prosesinin rəsmi olaraq başlandığını elan ediblər.

Sənəddə qeyd olunur ki, bu prosedur “şəffaflıq və inklüzivlik prinsiplərinə əsaslanmalıdır”. Burada həmçinin üzv dövlətlərə qadın namizədlərin irəli sürülməsi imkanını nəzərdən keçirmək qəti şəkildə tövsiyə edilir.

İlk olaraq qeyd edək ki, 2025-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq 80-ci ildönümünü qeyd edib. 1945-ci ildə, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 50 ölkənin nümayəndələri San-Fransisko şəhərində beynəlxalq qurumun yaradılması üzrə təsis konfransına toplaşmışdı.

News about -   BMT-nin yeni baş katibi kim olacaq? – Namizədlər

Baş katibin seçilməsində namizədlərin mənsub olduqları region ənənəvi olaraq mühüm rol oynayır. Vəzifənin regiondan regiona ötürülməsi nəzərdə tutulsa da, praktikada bu post artıq dörd dəfə Qərbi Avropa təmsilçilərinə qismət olub.

2016-cı ildə portuqaliyalı Antoniu Quterreş baş katib postuna seçildi, halbuki ilk dəfə olaraq bu vəzifəni Şərqi Avropa nümayəndəsinin tutacağı gözlənilirdi. Hazırda ekspertlər yeni rəhbər seçimində Latın Amerikasının şanslarını yüksək qiymətləndirirlər. Onu da xatırladaq ki, bu regionu BMT baş katibi postunda indiyədək yalnız perulu Xavyer Peres de Kuellyar təmsil edib. Bununla belə, rotasiya prinsipi şərti xarakter daşıyır və nizamnamə sənədlərində təsbit olunmadığı üçün məcburi deyil.

Bir sıra dövlətlər artıq öz namizədlərini əvvəlcədən elan ediblər. Məsələn, Çili Respublikası ölkənin sabiq prezidenti və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin keçmiş rəhbəri Miçel Baçeletin namizədliyini irəli sürüb. Xanım Baçeletin tərcümeyi-halında iri insan hüquqları qurumuna rəhbərlik təcrübəsi və BMT sistemi daxilində uzunmüddətli fəaliyyəti var. Bu da öz növbəsində baş katib postuna qadının seçilməsi ideyasına artan dəstək fonunda Çilinin mövqelərini gücləndirir.

Qadın namizəd təqdim edən digər ölkə isə Kosta-Rikadır: ölkə BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri və sabiq vitse-prezident Rebeka Qrinspanın namizədliyini irəli sürüb. Beynəlxalq münasibətlər üzrə analitik Karlos Kaskante hesab edir ki, xanım Qrinspan siyasi amillərə görə seçilmə prosesində çətinliklərlə üzləşə bilər. “Reuters” agentliyinin məlumatına görə, Kosta-Rika Prezidenti Rodriqo Çavesin ABŞ lideri Donald Tramp ilə əlaqələri Qəzzada davam edən hadisələr fonunda Təhlükəsizlik Şurasının avropalı üzvləri tərəfindən veto qoyulmasına səbəb ola bilər.

Digər Latın Amerikası ölkəsi Argentina hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru olan Rafael Qrossinin namizədliyini dəstəkləmək niyyətindədir. Argentinanın Avstriyadakı keçmiş səfirinin beynəlxalq səviyyədə tanınması AEBA-nın bir neçə böhran dövründə, o cümlədən Ukraynada yerləşən Zaporojye AES ətrafındakı gərginlik zamanı operativ idarəçiliyi ilə bağlıdır. Argentinanın müraciəti kişi namizədlərin irəli sürülməsi ənənəsinə uyğundur və Latın Amerikası istiqamətini gücləndirməklə yanaşı, regiondaxili rəqabəti də artırır.

News about -   BMT-nin yeni baş katibi kim olacaq? – Namizədlər

Ehtimal olunan namizədlərlə bağlı bir sıra beynəlxalq nəşrlərdə digər potensial şəxslərin da adı çəkilir. Bunlar arasında Boliviyanın vitse-prezidenti David Çokeuanka, Barbadosun baş naziri Mia Mottli, həmçinin BMT Baş Assambleyasının keçmiş sədri Maria Fernanda Espinosa Qarses var.

Artıq müzakirə olunan altı mümkün namizəddən dördü qadındır və gender balansı məsələsi qarşıdakı kampaniyaların əsas mövzularından birinə çevrilir.

Beləliklə, üzv dövlətlər aprelin 1-nə qədər öz namizədlərini rəsmi olaraq təqdim etməlidirlər. Yeni baş katib isə iyul ayına qədər artıq məlum olacaq. Yeni BMT rəhbəri 2027-ci ilin yanvarında 5 il müddətinə səlahiyyətlərinin icrasına başlayacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol