Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin mədəniyyət sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. O qeyd edib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Ulu Öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.
Nazir müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan musiqisi, kinosu, teatrı və ümumilikdə incəsənəti beynəlxalq miqyasda tanınıb və nüfuz qazanıb. Bütün bunlar milli köklərə qayıdışın və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin təmin olunmasına xidmət edib.
Konfransda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür.
Bildirilib ki, bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş şəkildə təbliğ olunur, ölkəmizin zəngin mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Eyni zamanda, milli dəyərlərin gənc nəslə aşılanması, onların milli kimlik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Liderin ideyaları bu gün də aktuallığını qoruyur və ölkənin mədəni inkişaf strategiyasının əsasını təşkil edir. Bu baxımdan, onun zəngin irsinin öyrənilməsi və təbliği hər bir vətəndaşın mənəvi borcudur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





