Beynəlxalq konfransda Azərbaycanın tolerantlıq siyasəti vurğulanıb
21 Yanvar 2026 15:15   Paylaş

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirədə yanvarın 19-20-də keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində İslam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və mənəvi dəyərlərin gələcəyin formalaşmasındakı rolu müzakirə olunub.

Ramin Məmmədov konfrans çərçivəsində nümayəndə heyətlərinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşünü yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və Misir zəngin tarixi, mədəni və dini bağlara malik ölkələrdir və xalqlar arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları arasında aparılan səmərəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Komitə sədri vurğulayıb ki, İslam sivilizasiyasında əmək yalnız iqtisadi fəaliyyət kimi deyil, həm də insan ləyaqətinə, sosial məsuliyyətə və ümumi rifaha xidmət edən mənəvi öhdəlik kimi qiymətləndirilir. Azərbaycan xalqı bu etik prinsiplərin formalaşmasına elmi, intellektual və mədəni irsi ilə mühüm töhfələr verir.

Çıxışda həmçinin sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellektin peşə sahələrinə təsirinin yeni çağırışlar yaratdığı qeyd olunub. Bu prosesdə əsas məsələ texnologiyaların etik prinsiplərlə tənzimlənməsidir. Beynəlxalq təcrübə göstərir ki, dayanıqlı peşə mədəniyyətləri etik dəyərlərə, sosial həmrəyliyə və müxtəlifliyə hörmətə əsaslanır.

Ramin Məmmədov Azərbaycanın birgəyaşayış və multikulturalizm modelinin bu baxımdan nümunə olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizdə dinlərarası dialoq, dini azadlıq və müxtəlifliyə hörmət tarixi ənənələrə əsaslanan dövlət siyasətidir. Dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini icmaların hüquqları qorunur, onların mədəni və dini irsinə dövlət səviyyəsində dəstək göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə məscidlərin, kilsələrin və sinaqoqların bərpası, yeni ibadət yerlərinin inşası tolerantlıq və dinlərarası harmoniyaya əsaslanan dövlət siyasətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə dini-mədəni abidələrin bərpası regionun çoxşaxəli irsinin qorunmasına xidmət edir.

Komitə sədri əlavə edib ki, süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin peşələrini formalaşdırsa da, etik prinsiplər olmadan bu proses bərabərsizliyi dərinləşdirə bilər. Ədalət, mərhəmət və insan ləyaqətini ön plana çıxaran etik dəyərlər isə innovasiyanın insanlığa xidmət etməsini təmin edən əsas meyardır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol