BƏƏ-nin OPEC qərarı: qlobal enerji bazarlarını nə gözləyir?
29 Aprel 2026 12:21   29 Apr 2026 12:22 Paylaş

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri cari ilin may ayının 1-dən etibarən OPEC təşkilatı və dünya neft bazarlarında qiymətlərin tənzimlənməsi üzrə OPEC+ sazişindən çıxmaq qərarına gəlib. Ölkə rəsmilərinin yaydığı bəyanata əsasən, bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də onun cari və gələcək güclərinin hərtərəfli təhlilindən sonra qəbul edilib və ölkənin milli maraqlarına, həmçinin bazarın aktual ehtiyaclarının ödənilməsinə səmərəli şəkildə töhfə vermək istəyinə əsaslanır.

Bəs bu günə qədər hansı ölkələr təşkilatı tərk edib və BƏƏ-nin qərarı qlobal enerji bazarlarına necə təsir edə bilər?

"Stabil.az" mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edir.

İlk olaraq qeyd edək ki, Neft ixrac edən ölkələr təşkilatı (OPEC) 1960-cı ildə ən böyük neft hasil edən ölkələrin - İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuelanın təşəbbüsü ilə yaradılıb. Onun yaradılmasının əsas səbəbi dünya neft bazarının böyük hissəsinə nəzarət edən transmilli şirkətlər (Exxon, Royal Dutch Shell, Texaco, Chevron, Mobil, Gulf Oil və British Petroleum) tərəfindən neftin alış qiymətlərinin aşağı salınması idi. Bu səbəbdən kartelin fəaliyyət göstərdiyi ərazilərdə yerləşən neft hasil edən ölkələr əhəmiyyətli vəsaitləri əldə edə bilmirdilər.

Təşkilatın əsas vəzifəsi üzv dövlətlərin neft hasilatı sahəsində siyasətinin koordinasiyası, məqsədləri isə neft tədarükünün davamlılığını təmin etmək və neft bazarlarında vəziyyəti sabitləşdirmək idi. 1962-ci ildə OPEC BMT-də hökumətlərarası təşkilat kimi qeydiyyata alınıb. Təşkilatın mənzil-qərargahı isə Vyanada yerləşir.

Hazırda OPEC 12 dövləti birləşdirir: Səudiyyə Ərəbistanı, BƏƏ, Venesuela, İran, İraq, Küveyt, Əlcəzair, Konqo Respublikası, Ekvatorial Qvineya, Qabon, Liviya, Nigeriya. Daha əvvəl OPEC-ə Qətər, İndoneziya, Ekvador və Anqola da daxil idi. Anqola 2024-cü ildə təşkilatı tərk edib.

OPEC-ə üzv ölkələr bütün kəşf edilmiş neft ehtiyatlarının təxminən 79%-nə nəzarət edir. OPEC dövlətləri dünya üzrə neft hasilatının təxminən 40%-ni təmin edir. OPEC-in tədarük etdiyi neftin orta qiyməti gündəlik hesablanır və üzv ölkələrdə hasil olunan 13 növ neftin qiymətlərinin orta göstəricisini əks etdirir.
Təşkilata üzv ölkələr üçün neft hasilatına dair maksimal kvotalar sistemi təşkilatın nizamnaməsində nəzərdə tutulsa da, yalnız 1982-ci ilin mart ayında tətbiq edilmişdir. Təşkilat öz iclaslarında həm ümumi hasilat limiti, həm də ayrı-ayrı ölkələr üçün maksimum həcm müəyyən edə bilər. OPEC tarixində kvotalar 50 dəfədən çox dəyişdirilib.

News about -   BƏƏ-nin OPEC qərarı: qlobal enerji bazarlarını nə gözləyir?

Təşkilatı müxtəlif illərdə aşağıdakı ölkələr tərk edib:

Qabon 1975–1994-cü illərdə OPEC-in üzvü olub. Lakin 1995-ci ildə ölkə üzvlük haqlarının həddən artıq yüksək olması səbəbindən təşkilatdan çıxıb. Buna baxmayaraq, Qabon 2016-cı ilin iyul ayında OPEC-də üzvlüyünü yenidən bərpa edib.

Ekvador 1973-cü ildən OPEC-in üzvü idi. 1992-ci ildə ölkə illik 2 milyon dollar məbləğində üzvlük haqqı ödəmək zərurəti və neft hasilatı kvotalarının bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbindən təşkilatdan çıxıb. 2007-ci ildən etibarən Ekvador yenidən OPEC üzvüdür.

İndoneziya 1962-ci ildə OPEC-ə qoşulub. 2009-cu ildə ölkə qaydalara uyğun gəlmədiyi üçün təşkilatdan çıxıb. Ölkə bu zaman daxili hasilatın azalması səbəbindən xammal ixracını dayandırmışdı. Ölkə 2016-cı ilin yanvarında yenidən OPEC-ə qayıtsa da, həmin ilin noyabrında digər iştirakçıların neft hasilatını azaltmaq qərarı ilə razılaşmadığı üçün üzvlüyünü yenidən dayandırıb.

Qətər 1961-ci ildə OPEC üzvü olub. 3 dekabr 2018-ci ildə ölkə təşkilatdan çıxmaq niyyətini bəyan. Qətər bu qərarı təbii qaz hasilatının artırılmasına və mayeləşdirilmiş qaz istehsalına diqqət yetirmək istəyi ilə izah edib. Qətərin OPEC-də üzvlüyü 1 yanvar 2019-cu ildən dayandırılıb.

Anqola 2007-ci ildə OPEC-ə üzv olub, 20 dekabr 2023-cü ildə isə təşkilatdan çıxacağını bəyan edib. Burada əsas səbəb ölkənin OPEC+ çərçivəsində neft hasilatı kvotası ilə razılaşmaması idi. 2023-cü ilin noyabrında keçirilən OPEC+ iclasında Anqola üçün gündəlik hasilat hədəfi 1,11 milyon barelə endirilmişdi. Halbuki ölkə 1,18 milyon barel səviyyəsində kvota tələb edirdi və bu qərarla razılaşmamışdı.

News about -   BƏƏ-nin OPEC qərarı: qlobal enerji bazarlarını nə gözləyir?

Hazırda bir çoxlarını Birləşmiş Ərəb Əmirliklərinin OPEC-i tərk etməsinin qlobal enerji bazarına necə təsir edəcəyi maraqlandırır. Ekspertlərin fikrincə, BƏƏ-nin bu qərarı enerji bazarlarına bir neçə istiqamətdə təsir edə bilər. İlk növbədə, bu addım təşkilatın daxilindəki birlik və koordinasiyaya müəyyən dərəcədə zərbə vura bilər. OPEC-in əsas gücü üzv ölkələrin hasilat siyasətini uzlaşdırmaq qabiliyyətindən qaynaqlanır. BƏƏ kimi iri istehsalçının çıxışı isə digər ölkələr üçün də presedent yarada və təşkilat daxilində fikir ayrılıqlarını dərinləşdirə bilər.

İqtisadi baxımdan, BƏƏ-nin müstəqil hasilat siyasəti yürütməsi neft bazarında təklifin artmasına səbəb ola bilər. Əgər ölkə OPEC kvotalarından azad olaraq hasilatı artırarsa, bu, qlobal qiymətlərə təzyiq göstərə və neftin ucuzlaşmasına gətirib çıxara bilər. Xüsusilə, artıq təklifin olduğu dövrlərdə bu təsir daha güclü hiss oluna bilər. Digər tərəfdən, qiymətlərin enməsi neft idxal edən ölkələr üçün müsbət nəticələr doğursa da, ixracatçı ölkələrin büdcələrinə mənfi təsir edə bilər.

Geosiyasi baxımdan da bu qərar əhəmiyyətlidir. BƏƏ-nin OPEC-dən çıxması onun enerji siyasətində daha müstəqil və çevik strategiya yürütmək niyyətindən xəbər verir. Bu, həm də ölkənin qlobal enerji bazarında öz rolunu yenidən müəyyənləşdirmək istədiyini göstərə bilər. Eyni zamanda, OPEC+ çərçivəsində əməkdaşlığın zəifləməsi ehtimalı da gündəmə gələ bilər ki, bu da bazar sabitliyi üçün əlavə risklər yaradır.

Uzunmüddətli perspektivdə bu addım enerji keçidi kontekstində də qiymətləndirilə bilər. BƏƏ bərpa olunan enerji sahəsinə ciddi sərmayələr yatırır və neftdən asılılığı tədricən azaltmağa çalışır. Bu baxımdan, OPEC-dən çıxış daha geniş iqtisadi transformasiyanın bir hissəsi kimi də dəyərləndirilə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol