Baş prokuror Kamran Əliyev Bəhreynə işgüzar səfər edib
26 Yanvar 2026 15:37   Paylaş

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 24-26-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfər edib. Səfər, bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə həyata keçirilib.

"Stabil.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu barədə məlumat verib.

Bəhreyn Dövlət Prokurorluğunda keçirilən görüş zamanı Kamran Əliyev bildirib ki, Bəhreyn Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü dəstəkləyib. Son illərdə isə dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında qarşılıqlı əlaqələr daha da güclənib.

Ali bin Fadhel Al Buainain isə tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib və əvvəllər Azərbaycana etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olduğunu qeyd edib.

Görüş zamanı 2024-cü ilin oktyabrında imzalanmış Anlaşma Memorumu xatırladılıb və cinayətkarlığa qarşı mübarizə, ekstradisiya, qarşılıqlı hüquqi yardım, hüquqi və institusional əməkdaşlıq, təlim səfərləri və təcrübə mübadiləsi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə tanış olub. Ailə və uşaq hüquqlarının qorunması, alternativ cəzaların tətbiqi, prokurorluğun mülki işlərdə rolu və məhkumların sosial reabilitasiyası sahələrində Bəhreyn təcrübəsi nümayiş etdirilib.

Daha sonra nümayəndə heyəti Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa ilə görüş keçirib. Görüşdə hüquq sistemləri arasında əməkdaşlığın vacibliyi, təcrübə mübadiləsi və hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində həmçinin Bəhreyn Krallığının Ədliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavda ilə ikitərəfli görüş keçirilib. Burada hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin ölkənin mədəni-tarixi abidələrini ziyarət edərək Bəhreyn mədəniyyəti ilə tanış olub.

Səfər uğurla başa çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol