Bakıdakı WUF13 niyə tarixə düşdü?
Mayın 17-dən 22-dək paytaxt Bakı dünyanın ən mühüm urbanizasiya və şəhərsalma platformalarından birinə ev sahibliyi etdi.
“Stabil.az”ın məlumatına görə, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) paytaxtı qlobal urbanizasiya dialoqunun mərkəzinə çevirdi.
Forum “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuşdu. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, şəhər rəhbərləri, memarlar, urbanistlər, alimlər, investorlar və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak etdilər. WUF13 urbanizasiya, iqlim dəyişiklikləri, sosial inkişaf, ekoloji tarazlıq və müasir şəhərlərin gələcəyi ilə bağlı qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

Forumun ilk günündə Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirildi. Bu görüş şəhərlərin davamlı inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Sessiyalar zamanı dayanıqlı nəqliyyat, yaşıl şəhərlər, rəqəmsal transformasiya, inklüziv yaşayış mühiti və iqlimə davamlı şəhər modelləri geniş müzakirə edildi.
Eyni zamanda, WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində müxtəlif ölkələr öz innovativ şəhərsalma layihələrini təqdim etdilər. Azərbaycan pavilyonu isə ölkədə həyata keçirilən müasir şəhərsalma və yenidənqurma layihələrini nümayiş etdirdi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri beynəlxalq iştirakçıların diqqətini çəkdi.
Tədbirin rəsmi bağlanış mərasimində çıxış edən Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində keçirilən müzakirələrdə ümumilikdə təxminən 115 min nəfərin iştirak etdiyini diqqətə çatdırıb.
Bununla yanaşı, WUF13 forum tarixində bir neçə yeniliklə də yadda qaldı.
Belə ki, forum çərçivəsində ilk dəfə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə liderlər sammiti təşkil edildi və burada liderlər bir araya gələrək şəhərlərin gələcəyini müzakirə etdi. Bununla yanaşı, forum çərçivəsində mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və 116 ölkədən QHT-ləri birləşdirən “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçirilib.
Forumun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. O, vətəndaş cəmiyyətinin şəhərsalma məsələlərində, qərar qəbulu prosesində mühüm önəmini qeyd edib.
Ümumilikdə “WUF13 NGO Forum”da 800-ə yaxın xarici və yerli QHT təmsilçiləri iştirak edib.
WUF13-lə bağlı yadda qalan digər bir məqam isə Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis etməsi olub.
Belə ki, forum zamanı dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü ilə BMT-nin Məskunlaşma Proqramı ilə birgə təsis olunan bu yeni beynəlxalq mükafatın rəsmi təqdimetmə mərasimi keçirilib.
Qeyd edək ki, mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas qalıcı irsindən biri olacaq. Mükafat Forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.
Burada təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə tutur: şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər; ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar; uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası.

Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.
Onu da vurğulamaq lazımdır ki, Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası” təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.
Yekun olaraq qeyd edə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkənin qlobal tədbirlərə uğurla ev sahibliyi etməsinin növbəti nümunəsi oldu. WUF13 həm də Bakının müasir şəhər kimi inkişaf potensialını, mədəni müxtəlifliyini və beynəlxalq əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




