Bakıda WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib
14 May 2026 16:49   Paylaş

İqtisadiyyat Nazirliyi tabeliyindəki 4SİM-in təşkilatçılığı və AzMİU-nun tərəfdaşlığı ilə reallaşan tədbirdə süni intellekt və əşyaların internetinin şəhər transformasiyasındakı rolu geniş müzakirə edilib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə süni intellekt (Sİ), Əşyaların İnterneti (IoT) və digər innovativ texnologiyaların şəhər inkişafında rolu, “ağıllı” şəhər həlləri, dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya istiqamətində mövcud çağırış və imkanlar müzakirə edilib. Sessiyada dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor təmsilçiləri, akademik dairələr, inşaat və memarlıq sahəsini təmsil edən startapçılar bir araya gəliblər.

4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, “ağıllı” şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil, həm də dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəlilik üçün strateji prioritetdir. O vurğulayıb ki, WUF13 kimi qlobal platformalar çərçivəsində keçirilən bu cür müzakirələr Azərbaycanın rəqəmsal transformasiya gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sessiya çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən spikerlər tarixi şəhər mühitində rəqəmsal texnologiyaların tətbiqi, şəhər planlaşdırılmasında süni intellektin rolu, innovativ idarəetmə modelləri barədə təqdimatla çıxış ediblər.

Həmçinin “Honeywell”, “Digital Residence” və “Sea Breeze” şirkətlərinin nümayəndələri ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi, təbiət əsaslı həllər və müasir şəhərsalma layihələrində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbir çərçivəsində inşaat sahəsində fəaliyyət göstərən yerli startapların da təqdimatları olub.

Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0” formalaşdırılması təşəbbüsünə xidmət edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol