Bakı – Şamaxı – Yevlax yolunda buzlaşmaya qarşı gücləndirilmiş tədbirlər görülür
20 Yanvar 2026 09:10   20 Jan 2026 11:31 Paylaş

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Bakı – Şamaxı – Yevlax avtomobil yolunda gücləndirilmiş iş rejimi tətbiq edilib, yolun buzlaşan hissələrinə mütəmadi olaraq qum-duz qarışığı səpilir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, M4 avtomobil yolunun 25–143-cü kilometrlik hissəsində qurumun texnikaları tərəfindən fasiləsiz qartəmizləmə işləri aparılıb. Əraziyə xüsusi təyinatlı nəqliyyat vasitələri, o cümlədən qar təmizləyən və qum-duz səpən avtomobillər cəlb olunub. Texnikalar hərəkət istiqamətlərinə uyğun olaraq yolun hər iki tərəfində toplanan qar kütləsini kənarlaşdırıb.

Operativ tədbirlər nəticəsində yol örtüyü nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün yararlı vəziyyətə gətirilib. Direktorun sözlərinə görə, hazırda ərazidə qatı duman müşahidə olunur. Yolun hərəkət hissəsində buzlaşma qeydə alındığından sürüşmə riskinin azaldılması məqsədilə yol örtüyünə mütəmadi şəkildə qum-duz qarışığı səpilir.

Məlumata görə, Bakı – Şamaxı – Yevlax avtomobil yolunun qeyd olunan hissəsində hazırda hərəkətə heç bir məhdudiyyət yoxdur, nəqliyyat vasitələrinin gediş-gəlişi normal rejimdə davam edir. Eyni zamanda, yol istismar xidmətləri hava şəraitini daim nəzarətdə saxlayır və zərurət yarandığı halda əlavə texnikaların cəlb edilməsi nəzərdə tutulur.

Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları da ərazidə gücləndirilmiş rejimdə xidmət aparırlar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol