AZPROMO və IsDB Qrupu arasında strateji tərəfdaşlığın genişləndirilməsi hədəflənir
7 May 2026 12:26   Paylaş

AZPROMO özəl sektorla beynəlxalq inkişaf institutlarının əlaqələndirilməsinə xüsusi önəm verir. Qurum IsDB Qrupu və bütün aidiyyəti tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Tədbirə hazırlıq çərçivəsində kənd təsərrüfatı, qida istehsalı, FMCG, maliyyə, sığorta, tikinti, infrastruktur, logistika, enerji, İKT, istehsalat, turizm, səhiyyə, konsaltinq və digər sahələrdən təxminən 100 şirkət bir araya gətirilib.

"Stabil.az" AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatında deyib.

O bildirib ki, Azərbaycan və İslam İnkişaf Bankı uzunmüddətli, uğurlu tərəfdaşlıq münasibətlərinə malikdir.

“Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür. Əməkdaşlığımız, həmçinin IsDB-nin üzv ölkələr arasında potensialın inkişafı və bilik mübadiləsini dəstəkləyən “Reverse Linkage” proqramını da əhatə edir. Bu çərçivədə Azərbaycan pambıqçılığın inkişafı, su ehtiyatlarının idarə olunması, rəqəmsal transformasiya, dövlət xidmətlərinin göstərilməsi, qadınların maliyyə inklüzivliyi və keyfiyyət infrastrukturu ilə bağlı təşəbbüslərdə iştirak edir. Azərbaycan IsDB Qrupunun digər qurumları ilə də uğurlu əməkdaşlıq edir. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası kredit xətləri və özəl sektorun maliyyələşdirilməsi vasitəsilə əsasən kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını dəstəkləyib. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) isə Azərbaycanın özəl sektoruna 83 milyon dollardan artıq kredit xətti ayırıb. Bizim üçün özəl sektor ilə beynəlxalq maliyyə institutları arasında birbaşa dialoqun gücləndirilməsi əsas prioritetlərdən biridir. Bu baxımdan, bugünkü "Roadshow" yalnız məlumatlandırıcı tədbir deyil, həm də tərəfdaşlıqların qurulması və gələcək layihələrə hazırlıq üçün mühüm platformadır. AZPROMO olaraq, bugünkü dialoqu praktik əməkdaşlığa və real nəticələrə çevirmək məqsədilə IsDB Qrupu və bütün aidiyyəti tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirməyə hazırıq.

Bu “Roadshow”un əsas məqsədi İslam İnkişaf Bankı (IsDB) Qrupunun Azərbaycanın özəl sektoru ilə əməkdaşlığını daha da gücləndirməkdir. Eyni zamanda, bu tədbir İslam maliyyəsi, ticarət maliyyələşdirilməsi, investisiya, sığorta və risklərin azaldılması kimi sahələrdə IsDB Qrupunun qurumları tərəfindən təqdim olunan xidmətləri, maliyyə alətlərini və təşəbbüsləri təqdim etmək üçün mühüm fürsətdir”, - deyə Y.Abdullayev qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol