Azərbaycanın qlobal enerji bazarında rolu artır
18 Fevral 2026 10:05   18 Feb 2026 10:10 Paylaş

Azərbaycan dünyada etibarlı enerji ixracatçısı kimi mövqeyini qorumaqda davam edir. Zəngin karbohidrogen ehtiyatları, sabit siyasi kurs və düşünülmüş enerji strategiyası ölkəni regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Xüsusilə Avropa və qonşu regionlar üçün alternativ və təhlükəsiz enerji mənbəyi kimi Azərbaycanın rolu getdikcə daha da güclənir. Bütün bunlar isə özünü ölkənin neft ixracındakı göstəricilərdə əks etdirir.

“Stabil.az”ın məlumatına görə, 2026-cı ilin ilk ayının rəsmi nəticələrinə əsasən, Azərbaycan bu il 11 dövlətə ümumilikdə 2 milyon tona yaxın neft ixrac edib.

Qlobal enerji bazarlarında dalğalanmaların davam etdiyi, geosiyasi risklərin artdığı və enerji təhlükəsizliyinin prioritetə çevrildiyi bir dövrdə bu göstərici həm iqtisadi, həm də strateji baxımdan diqqətəlayiqdir.

Bu il 11 ölkəyə 2 milyon tona yaxın neft ixrac edilməsi Azərbaycanın bazar şaxələndirməsi siyasətinin nəticəsidir. İxrac edilən ölkələr arasında Avropa İttifaqı üzvlərinin xüsusi çəkisi böyükdür. Belə ki, cari ilin ilk ayı ərzində Azərbaycan İtaliyaya 1 847 915,54 ton neft ixrac edib. Bu ixracın ümumi dəyəri isə 861 652,23 min ABŞ dolları təşkil edib. Həmin göstərici ilə İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

News about -   Azərbaycanın qlobal enerji bazarında rolu artır

Siyahıda ikinci pillədə isə hesabat dövründə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilən Rumıniya yer tutub. Rumıniyanın ardınca isə Portuqaliya gəlir. Yanvar ayında bu ölkə Azərbaycandan 44 337 min dollar 93 590,26 ton neft idxal edib.

Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması fonunda Azərbaycan etibarlı tərəfdaş kimi ön planda yer alıb. Bu kontekstdə Azərbaycan nefti Avropa bazarlarında sabit və dayanıqlı mənbə kimi qəbul edilir.

Eyni zamanda, Aralıq dənizi hövzəsi ölkələri və bəzi Asiya istiqamətləri də ixrac coğrafiyasında yer alır. Bazarların müxtəlifliyi qiymət risklərinin və tələbat dalğalanmalarının təsirini azaldır. Belə ki, bir regionda tələbat azalarsa, digər bazarlara yönəlmə imkanı yaranır.

Qeyd edək ki, 2020-ci illərin ortalarından etibarən qlobal enerji bazarlarında qeyri-sabitlik müşahidə olunur. Geosiyasi gərginliklər, sanksiyalar, nəqliyyat marşrutlarında risklər və enerji keçidi siyasətləri sözsüz ki, bazarın dinamikasına təsirsiz ötüşmür. Bir tərəfdən, bərpa olunan enerji mənbələrinə keçid sürətlənir, digər tərəfdən isə ənənəvi enerji resurslarına tələbat hələ də yüksək olaraq qalır.

Bu məqamda isə Azərbaycanın enerji təhlükəsizliyi məsələsində etibarlı təchizatçı rolu öz sözünü deyir. Ölkənin bu il 11 ölkəyə 2 milyon tona yaxın neft ixrac etməsi ölkənin enerji sektorunun davamlılığını və beynəlxalq bazarlardakı mövqeyini təsdiqləyir. Bu göstərici həm iqtisadi sabitlik, həm də enerji diplomatiyası baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud reallıq göstərir ki, Azərbaycan qarşıdakı illərdə də enerji bazarında mühüm oyunçu olaraq qalacaq.

News about -   Azərbaycanın qlobal enerji bazarında rolu artır

Azərbaycanın etibarlı enerji ixracatçısı kimi tanınmasında infrastruktur layihələrinin də xüsusi rolu var. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi transmilli layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Bu marşrutlar enerji resurslarının təhlükəsiz və fasiləsiz şəkildə dünya bazarlarına çıxarılmasını təmin edir. Marşrutların şaxələndirilməsi isə mümkün riskləri minimuma endirərək ixracın davamlılığını qoruyur.

Eyni zamanda, Azərbaycan enerji siyasətini yalnız ənənəvi neft və qaz ixracı ilə məhdudlaşdırmır. Son illərdə bərpa olunan enerji sahəsinə yatırımların artırılması ölkənin gələcəyə hesablanmış yanaşmasının göstəricisidir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji keçidi prosesində də fəal iştirak etmək niyyətini ortaya qoyur.

Nəticə etibarilə, Azərbaycan düşünülmüş enerji strategiyası, güclü infrastruktur bazası və beynəlxalq tərəfdaşlarla qurulan etibarlı münasibətlər sayəsində dünyada etibarlı enerji ixracatçısı kimi mövqeyini qoruyur. Qlobal enerji bazarlarında dəyişkənlik davam etsə də, ölkənin çevik və balanslı siyasəti onun bu sahədə aparıcı oyunçulardan biri kimi qalacağını göstərir. Enerji diplomatiyası və strateji planlaşdırma Azərbaycanın gələcəkdə də beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini deməyə əsas verir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol