Azərbaycanın elit polo komandası Dünya Kubokunda Sankt-Moritzə meydan oxuyur
23 Yanvar 2026 12:10   Paylaş

Azərbaycanın qarüstü polo üzrə “Land of Fire” komandası İsveçrənin Sankt-Moritz şəhərində keçiriləcək 41-ci Dünya Kubokunda iştirak edəcək.

“Stabi.az” xəbər verir ki, turnirdə ümumilikdə 6 komanda – “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” mübarizə aparacaq.

“Land of Fire” komandası turnirdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 15:15-də ev sahibi “Sankt Moritz”ə qarşı keçirəcək. İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə üçüncü yer uğrunda və final oyunu baş tutacaq. Yarışın sonunda turnirin qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı da mükafatlandırılacaq.

Qeyd edilir ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu fəaliyyət göstərir. Burada ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları təqdim olunur, milli brendlər və sənətkarlıq nümunələri nümayiş etdirilir.

“Land of Fire” komandasının turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol