Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 %-ə yaxın artıb
16 Mart 2026 15:34   Paylaş

Yanvar-fevral aylarında ölkənin pərakəndə ticarət şəbəkələrində 10,1 milyard manatlıq satış həyata keçirilib, bunun 5,5 milyard manatı ərzaq və tütün məmulatları, 4,6 milyard manatı isə qeyri-ərzaq malları olub.

"Stabil.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.

2 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 14,6 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol