Azərbaycan Yaponiya və Koreya vətəndaşları üçün viza rejimini müvəqqəti ləğv edib
1 İyul 2026 09:20   Paylaş

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana turizm məqsədli səfərlərdə viza tələbi 2026-cı il iyulun 1-dən etibarən bir il müddətinə aradan qaldırılıb.

"Stabil.az" bu barədə Dövlət Miqrasiya Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub.

Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol