Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümü münasibətilə vətəndaşların Şəhidlər xiyabanına ziyarəti başlayıb.
“Stabil.az” xəbər verir ki, ziyarətçilər şəhid məzarları önünə gül dəstələri qoyur və onların xatirəsini ehtiramla yad edirlər.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunub. Fövqəladə vəziyyət elan olunmadan əvvəl hərbi qulluqçular 82 nəfəri qətlə yetirib, 20 nəfəri isə ölümcül yaralayıb. Fövqəladə vəziyyətin tətbiqindən sonra bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə isə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 147 nəfər həyatını itirib, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları da olub.
Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




