Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanın ÜDM artımına müsbət təsir göstərə bilər – Fitch
17 Yanvar 2026 11:40   Paylaş

Beynəlxalq reytinq agentliyi "Fitch" Ermənistan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin başlamasını qeyd edir və Bakı ilə münasibətlərin normallaşmasının Ermənistanın iqtisadi perspektivlərinə müsbət təsir göstərə biləcəyini bildirir.

"Stabil.az" “Report”a istinadən xəbər verir ki, bu barədə agentlik Ermənistanla bağlı reytinq fəaliyyətində açıqlama verib.

Agentliyin məlumatına görə, Ermənistan və Azərbaycan sülh sazişi imzalamaq məqsədilə birgə bəyannamə qəbul edib ki, bu da yaxın perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Yekun sazişin imzalanması isə Ermənistanın Konstitusiyasına Qarabağla bağlı istinadların çıxarılması üçün dəyişiklik etməsindən asılıdır və iyun parlament seçkilərindən sonra ümumxalq referendumunu tələb edə bilər.

Eyni zamanda, Azərbaycanla ticarət əlaqələri açılmağa başlayıb, Türkiyə ilə münasibətlər də əhəmiyyətli dərəcədə yaxşılaşır. Məlumata görə, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir.

"Fitch" Ermənistanın uzunmüddətli reytinqini "BB-" səviyyəsində təsdiqləyib, proqnozu isə "sabit"dən "pozitiv"ə dəyişdirib. Agentliyin proqnozlarına görə, Ermənistanın ÜDM-inin 2026-2027-ci illərdə illik artımı təxminən 5% səviyyəsində olacaq. Orta müddətli perspektivdə əlavə artım potensialı Azərbaycanla sülh sazişinin həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması hesabına yarana bilər.

Cari ildə dövlət büdcəsinin defisiti müdafiə xərclərinin azaldılması nəticəsində ÜDM-in 4,5%-ni təşkil edəcək. 2025-ci ildə cari əməliyyatlar hesabının defisiti 4,5% səviyyəsində olacaq və 2026-2027-ci illərdə bir qədər azalacağı gözlənilir.

Bundan əlavə, "Fitch" Azərbaycanın bank sistemində dollarlaşmanın yüksək olduğunu vurğulayır. 2025-ci ilin noyabrının sonuna bank depozitlərinin dollarlaşma səviyyəsi təxminən 43,3% təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol