Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair saziş imzalayacaq
10 Mart 2026 12:47   Paylaş

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə hökumətlərarası sazişin imzalanmasını planlaşdırırlar.

"Stabil.az" bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər artıq saziş layihəsinin hazırlanmasını başa çatdırıblar. Onun imzalanmasında məqsəd TBNM-in institusional statusunun artırılmasıdır.

Nazirlikdə yüklərin Xəzər dənizi vasitəsilə və daha sonra Türkiyə və Avropa bazarları istiqamətində tranzitini təmin edən Azərbaycanın bu marşrutun əsas həlqəsi kimi rolu xüsusi vurğulanıb.

Qeyd olunur ki, ticarət donanmasının inkişafı çərçivəsində "Baku Shipyard" gəmiqayırma zavoduna iki konteyner gəmisinin inşası üçün sifariş verilib və onların tamamlanması 2027-ci ilə planlaşdırılıb. Həmin dövrdə Xəzər istiqamətində fəaliyyət göstərəcək daha 6 universal quru yük gəmisinin tədarükü gözlənilir.

Nazirlikdə əlavə ediblər ki, iştirakçı ölkələr TBNM-in ötürmə qabiliyyətinin və beynəlxalq yükgöndərənlər üçün cəlbediciliyinin artırılması istiqamətində birgə işi davam etdirəcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol