Azərbaycan və Kot-d'İvuar neft-qaz sektorunda əməkdaşlıq imkanlarını müzakirə edib
6 Mart 2026 10:22   Paylaş

Azərbaycan və Kot-d'İvuar neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata əsasən, SOCAR prezidenti Rövşən Nəcəf Kot-d'İvuarın Abican şəhərində səfərdə olub. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d'İvuarın XİN-in və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Qeyd edək ki, səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub.

Kot-d'İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan "PetroCI"nin rəhbər heyəti ilə görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Görüşlərdə SOCAR tərəfindən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol