Azərbaycan və İtaliya mədəni əlaqələrin genişləndirilməsini müzakirə edib
19 İyun 2026 10:39   Paylaş

Roma şəhərində səfərdə olan Azərbaycan mədəniyyət naziri Adil Kərimli İtaliya mədəniyyət naziri Alessandro Ciuli ilə görüşərək mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib.

"Stabil.az" Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin 20 fevral tarixində İtaliyaya rəsmi səfəri çərçivəsində mübadilə olunan “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ölkələrimizin mədəni əməkdaşlığı üçün xüsusi əhəmiyyət daşıyır.

Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib.

Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabrında Romada keçirilib. Həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub.

News about - Azərbaycan və İtaliya mədəni əlaqələrin genişləndirilməsini müzakirə edib

News about - Azərbaycan və İtaliya mədəni əlaqələrin genişləndirilməsini müzakirə edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol