Azərbaycan və İsrail XİN-ləri ikitərəfli və regional məsələləri müzakirə edib
Yanvarın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar ilə görüşüb.
"Stabil.az" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş əvvəlcə təkbətək, daha sonra isə hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşlərdə Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşılıqlı səfərlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. İqtisadi əməkdaşlığın əlaqələrin mühüm sütunlarından biri olduğu qeyd olunaraq, enerji, ticarət, investisiyalar, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlıq imkanlarının geniş olduğu bildirilib. İsrail nazirinin səfəri çərçivəsində keçiriləcək biznes-forumun iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcəyi vurğulanıb.
Həmçinin humanitar sahədə əməkdaşlıq, xalqlarımız arasında tarixi bağlar, Azərbaycandakı yəhudi və İsraildəki Azərbaycan icmasının roluna diqqət çəkilib.
Nazirlər beynəlxalq və regional məsələləri müzakirə edərək, Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı və mina təhlükəsi ilə bağlı məlumat verib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





