Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
11 İyun 2026 23:57   12 Jun 2026 00:55 Paylaş

İyunun 11-də Bakı şəhərində Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

"Stabil.az"-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Martin Roger rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Estoniya arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, ikitərəfli dialoqun davamlılığının təmin olunmasında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin rolu xüsusi qeyd edilib.

Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib.

Görüş zamanı iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə müzakirələr aparıblar.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol