Azərbaycan-Serbiya münasibətlərində yeni dinamika
17 Fevral 2026 10:39   18 Feb 2026 14:40 Paylaş

Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və dostluğa əsaslanan diplomatik münasibətlər 1997-ci ildə qurulub və geridə qalan dövr ərzində yalnız yüksələn xətt üzrə inkişaf edib. Son illər Azərbaycan və Serbiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, eləcə də qarşılıqlı dəstəyə əsaslanan tərəfdaşlıq modeli iki ölkə arasında əlaqələrin strateji xarakter aldığını göstərir. Cənubi Qafqaz və Balkanlar kimi geosiyasi baxımdan həssas regionları təmsil edən bu dövlətlərin yaxınlaşması, eyni zamanda, daha geniş regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradır.

“Stabil.az”ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada son səfəri zamanı serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşlər zamanı səsləndirilən fikir və bəyanatlar, eləcə də  iki ölkə arasında münasibətlərin artıq yeni, daha dinamik mərhələyə keçid etdiyini deməyə əsas verir.

Prezident İlham Əliyev Belqradda A.Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışarkən bildirib: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

News about -   Azərbaycan-Serbiya münasibətlərində yeni dinamika

Bununla yanaşı, dövlət başçısı səfəri zamanı Azərbaycanın Serbiyaya təbii qazın ixrac həcmini artıracağını da açıqlayıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir: “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”.

Buradan aydın olur ki, səfərin əsas istiqamətlərindən biri məhz enerji sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm mövqeyə sahibdir. Belə ki, ölkəmiz enerji mənbələrinin şaxələndirilməsi istiqamətində ardıcıl və uğurlu siyasət həyata keçirir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çıxarmaqla qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Serbiya üçün isə Azərbaycan kimi etibarlı və dayanıqlı enerji tərəfdaşı ilə əməkdaşlıq strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Hazırda dünyada davam edən iqisadi və siyasi hadisələr fonunda Serbiya üçün alternativ enerji mənbələrinə çıxış, ilk növbədə, iqtisadi sabitliyin təminatı deməkdir. Azərbaycan qazının Balkan regionuna nəqli Serbiyanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, bazar sabitliyinə və qiymət balansına da müsbət təsir göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regionlararası inteqrasiyanın real iqtisadi platformasına çevrilir.

News about -   Azərbaycan-Serbiya münasibətlərində yeni dinamika

Onu da qeyd edək ki, hər iki ölkə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə daim dəstək nümayiş etdirir. Bu prinsipial yanaşma münasibətlərin etimad və qarşılıqlı hörmət üzərində qurulduğunu göstərir. Siyasi dialoqun institusional xarakter alması isə əməkdaşlığın uzunmüddətli perspektivini daha da gücləndirir.

Azərbaycan və Serbiya balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürüdən dövlətlər kimi oxşar yanaşmalar sərgiləyirlər. Hər iki ölkə regional sabitliyin qorunmasında maraqlıdır və müstəqil siyasət kursunu prioritet hesab edir. Bu oxşarlıq strateji tərəfdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan və Serbiya arasında gələcəkdə də əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu desək yanılmarıq. Bu xüsusda, enerji əməkdaşlığının genişlənməsi, bərpaolunan enerji sahəsində birgə təşəbbüslər, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyası münasibətləri daha da zənginləşdirə bilər. Balkanlar ilə Cənubi Qafqaz arasında formalaşan əməkdaşlıq xətti Avropanın enerji və nəqliyyat xəritəsində yeni geoiqtisadi reallıq yaradır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol