Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
2 Mart 2026 16:54   02 Mar 2026 16:59 Paylaş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol