Azərbaycan Milli Xalça Muzeyində WUF13-ə həsr olunmuş sərgi təşkil ediləcək
14 May 2026 17:41   Paylaş

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dəstək məqsədilə mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda memarlıq” adlı tematik sərginin açılışı baş tutacaq.

"Stabil.az" muzeyə istinadən xəbər verir ki, sərgidə muzeyin kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş etdiriləcək. Ekspozisiyada Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsi, eləcə də tarixi abidələrin ornamental yaddaşda yaşadılması öz əksini tapacaq.

Sərgidə Xalq rəssamları Lətif Kərimov, Eldar Mikayılzadə, Əməkdar rəssam Taryer Bəşirov, gənc xalçaçı-rəssam Afaq Abdullayeva və digər müəlliflərin əsərləri yer alacaq.

Tədbir çərçivəsində Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası, həmçinin rəssam Cəmilə Həşimovanın “Yol” adlı konseptual layihəsi ictimaiyyətə ilk dəfə təqdim ediləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol