Azərbaycan-Litva əməkdaşlığı: cari vəziyyət və gələcək imkanlar
Aprelin 9-da paytaxt Bakı Litvanın Baş naziri İnqa Ruqinieneni qonaq etdi. Ölkəmizə rəsmi səfər edən xanım Ruqiniene Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılandı, eləcə də azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirdi və bir sıra digər tədbirlərdə iştirak etdi.
“Stabil.az”ın məlumatına görə, Azərbaycanla Litva arasında diplomatik münasibətlərin əsası 1995-ci ildə qurulsa da, iki ölkə arasında əlaqələrin tarixi kifayət qədər dərin köklərə malikdir.
Son illərdə isə ölkələrimiz arasında qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlıq və münasibətlər bir sıra sahələr üzrə sabit şəkildə inkişaf edir. Hər iki ölkə coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq üçün əhəmiyyətli imkanlara malikdir. Bu münasibətlər həm ikitərəfli platformada, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı şəkildə genişlənir.
Diplomatik münasibətlərin əsasının qoyulmasından bu yana iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter alıb. Litva Avropa İttifaqı və NATO üzvü kimi Azərbaycanın Avropa strukturları ilə inteqrasiyasına dəstək verən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan Litva üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaş rolunu oynayır. Qarşılıqlı səfərlər, parlamentlərarası əlaqələr və müxtəlif səviyyəli görüşlər münasibətlərin institusional əsaslarını daha da gücləndirməyə xidmət edir.

Bununla yanaşı, siyasi münasibətlərin inkişafında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi yer tutur və hər iki ölkə müxtəlif qurumlarda qarşılıqlı dəstək nümayiş etdirir. Litva tarix boyu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi çıxış edib, Azərbaycan isə Litvanın suverenliyi və təhlükəsizlik məsələlərinə həssas yanaşmışdır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Litva arasında qtisadi sahədə əməkdaşlıq hələ tam potensialına çatmasa da, bu istiqamətdə artan dinamika müşahidə olunur. Ticarət dövriyyəsi əsasən enerji məhsulları, sənaye malları və kənd təsərrüfatı məhsulları üzərində qurulub. Azərbaycan Litva üçün enerji təhlükəsizliyi baxımından maraqlı tərəfdaşdır. Xüsusilə Azərbaycanın zəngin enerji resursları və Avropa bazarlarına çıxış imkanları Litvanın diqqətini cəlb edir. Litva isə logistika, nəqliyyat və yüksək texnologiyalar sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdə maraqlıdır.
Eyni zamanda, enerji sahəsi iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri hesab olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi Litva üçün alternativ enerji mənbələrinin təminində əhəmiyyətli tərəfdaşdır. Xəzər regionundan Avropaya uzanan enerji dəhlizləri Litvanın enerji şaxələndirilməsi strategiyasına uyğun gəlir. Bu baxımdan tərəflər arasında gələcəkdə enerji, xüsusilə də yaşıl enerji sahəsində dialoqun daha da genişlənməsi gözlənilir.
Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq imkanları genişdir. Aydındır ki, Azərbaycan “Orta Dəhliz” layihəsinin əsas iştirakçılarından biri kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Litva isə Baltik regionunda mühüm nəqliyyat qovşağıdır. Bu iki istiqamətin inteqrasiyası yükdaşımaların sürətini və effektivliyini artıraraq tərəflər üçün əlavə iqtisadi fayda yarada bilər. Xüsusilə liman infrastrukturu və dəmir yolu əlaqələrinin inkişafı bu sahədə prioritet hesab olunur.

Azərbaycanla Litva arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. NATO üzvü olan Litva təhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla paylaşır, müxtəlif təlim və seminarlar vasitəsilə əməkdaşlıq imkanlarını genişləndirir. Bu əməkdaşlıq regional təhlükəsizliyin təmin olunmasına və yeni çağırışlara qarşı birgə cavabların hazırlanmasına töhfə verir.
Cari vəziyyətə nəzər saldıqda, Azərbaycan-Litva münasibətlərinin müsbət istiqamətdə inkişaf etdiyi aydın görünür. Tərəflər arasında siyasi etimad yüksək səviyyədədir və bu, digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. İqtisadi və enerji sahələrində hələ istifadə olunmamış potensial mövcuddur və yaxın illərdə bu istiqamətdə daha konkret layihələrin həyata keçirilməsi gözlənilir.
Gələcək perspektivlər baxımından münasibətlərin inkişafı üçün bir neçə əsas istiqamət ön plana çıxır. Bunlara enerji əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində birgə təşəbbüslərin artırılması daxildir. Eyni zamanda, humanitar əlaqələrin gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da münasibətlərin daha da inkişafına təkan verə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




